- XƏBƏRLƏR -
5745 Arxiv
Vətən müharibəsinin iştirakçılarına güzəştlər olunacaq
2020.12.15 10:22

Azərbaycan Dövlət Dəniz Akademiyasının rəhbərliyi bu ali təhsil  müəssisəsində təhsil alan tələbələrin həm tədrisdə, həm də məişətdə olan qayğılarını daim diqqətdə saxlamaqdadır.

Dekabrın 14-də ADDA-nın Elmi Şurasının növbəti iclası keçirilib. Gündəlikdə duran məsələlərdən biri də ADDA rektoru Heydər Əsədovun Elmi Şuraya təqdim etdiyi şəxsi təşəbbüsü olub.

Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsində iştirak etmiş tələbələrimizin böyük igidlik göstərdiklərini və dövlətimizin mənafelərinin təmin olunmasında xidmətlərini nəzərə alaraq, onların akademik borclarının ləğvində güzəştlər nəzərdə tutulub. Təklifdə həmin tələbələrin akademik borclarının ləğvi üçün fənni dinləmədən imtahana buraxılması, həmçinin onların akademik borclara görə kredit ödəmələrindən azad olunması öz əksini tapıb. Vətən müharibəsində iştirak etmiş tələbələrimiz ehtiyac yarandığı təqdirdə yataqxana ilə də ödənişsiz təmin olunacaqlar.

ADDA rektorunun təklifi Elmi Şura üzvləri tərəfindən çox müsbət qarşılandı və yekdilliklə qəbul olundu.

Bir daha Akademiyanın rəhbərliyi başda olmaqla, professor-müəllim heyəti və ADDA kollektivi adından Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərimizin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara Uca Tanrıdan şəfa diləyirik.