- XƏBƏRLƏR -
5380 Arxiv
Məzunumuza diplom təqdim edildi
2020.11.20 15:39

Sentyabrın 27-dən başlayan Vətən Müharibəsi Azərbaycan Ordusunun möhtəşəm qələbəsi ilə başa çatdı. Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında igid zabit və əsgərlərimiz illərdir düşmən işğalında qalan torpaqlarımızı azad etdilər.

Cənab Prezidentin qeyd etdiyi kimi Azərbaycan Ordusunun bu müharibədə göstərdiyi peşəkarlığı və şücaəti dünya hərb tarixində xüsusi yerini tutacaq. Ordumuz illər boyu erməni ordusu haqqında yaranmış mifi tamamilə darmadağın etdi. Bütün dünya Azərbaycan Ordusunun gücünü gördü. Məhz Ordumuzun gücü qarşısında tab gətirməyən düşmən məğlubiyyətə imza atdı.

Şanlı Ordumuzun sıralarında Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri də yer alıb. ADDA-nın ”Dəniz naviqasiyası” ixtisasının builki məzunu Eldar Həmidli həqiqi hərbi xidmətini döyüş bölgəsində keçirib. Müharibənin ən qızğın vaxtlarında ön cəbhədə olan məzunumuz Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə ayağından və çiynindən yaralanıb.

Hazırda Sumqayıt Şəhər Travmatologiya Xəstəxanasında müalicəsini davam etdirən məzunumuza baş çəkən Akademiyanın “Gəmi sürücülüyü” fakültəsinin dekanı Elnur Abbasov ona ADDA-nın rektoru Heydər Əsədovun və bütün professor-müəllim heyətinin səmimi salamlarını çatdırdı. E. Abbasov qeyd etdi ki, hər bir azərbaycanlı Eldar və onun kimi başqa igid əsgərlərimizlə qürür duyur. Eldarın təhsil aldığı zaman hamının xatirində nümunəvi tələbə kimi yadda qalmasını deyən fakültə dekanı onun nümunəvi əsgər olduğuna da əminliyini bildirdi. Tezliklə onun sağalmasını arzulayan Elnur müəllim Eldara şəfa tapmasını arzu etdi.

Görüşdə Vətənimizin müdafiəsi uğrunda qəhrəmancasına şəhid olan zabit və əsgərlərimizin də xatirəsi anıldı. Onlara uca Tanrıdan rəhmət diləndi.

Sonda Elnur Abbasov Eldara Azərbaycan Dövlət Dəniz Akademiyasının bakalavriat pilləsini bitirməsi haqqında diplomu təqdim etdi.