- XƏBƏRLƏR -
533 Arxiv
Dənizçi tələbələr “Əsgərə məktub” layihəsində iştirak ediblər
2020.10.30 15:43

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) tələbələri Ordumuzun döyüş əzminin daha da artırılması və hərbi qulluqçulara mənəvi dəstək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin təşkil etdiyi “Əsgərə məktub” layihəsinə qoşulublar.

Dənizçi tələbələr məktublarında Qarabağın azadlığı uğrunda əsgərlərimizin apardığı mübarizədən, işğaldan azad olunmuş tarixi yurd yerlərimizdə üçrəngli bayrağımızın dalğalanmasından qürurla bəhs ediblər.  Onlar mənfur düşmənə qarşı göstərdikləri şücaətə görə əsgərlərimizə minnətdarlıqlarını bildiriblər.

Məktublarda o da xüsusi qeyd olunub ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr endirməklə qazandığı zəfərlər böyük ruh yüksəkliyi ilə qarşılanır.

Qeyd edək ki, ADDA tələbələrinin yazdığı hər bir məktub Azərbaycanın yeganə milli poçt operatoru “Azərpoçt” MMC tərəfindən ön cəbhədə xidmət edən əsgərlərimizə ödənişsiz çatdırılacaq.