- XƏBƏRLƏR -
12363 Arxiv
Akademiya ilə ilk tanışlıq
2020.10.19 12:12

Ötən həftə ərzində Azərbaycan Dövlət Dəniz Akademiyasına 2020/2021-ci tədris ilində qəbul olunan tələbələrin ADDA ilə əyani tanışılığı baş tutub.

Qeyd edək ki, tanışlıq karantin qaydalarına əməl edilmək şərti ilə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən növbəli şəkildə təşkil edilib.

1-ci tədris ilinin tələbələrini ADDA-nın Tədris və tərbiyə işləri üzrə prorektoru, professor Zahid Şərifov salamlayıb. Onları Akademiyaya daxil olmaları münasibətilə başda rektor Heydər Əsədov olmaqla bütün professor-müəllim heyəti adından təbrik edən Z.Şərifov yeni tələbələrə gələcəkdə özlərini dənizçi peşəsində görmək istədiklərinə görə ADDA-nı seçməkdə düzgün addım atdıqlarını söylədi. Bu Akademiyanı bitirdikdən sonra məzunların qarşısında açılan imkanlardan danışan ADDA prorektoru bildirdi ki, oxuduqları müddətdə burada olan təhsil imkanları ilə əyani surədə tanış olacaqlar.

Sonra “Gəmi mexanikası və elektormexanikası” fakültəsinin dekan müavini Elxan Məmmədov ADDA-nın tarixi və bugünə qədər keçdiyi inkişaf yolundan danışdı. Akademiyanın məzunları haqqında məlumat verən E. Məmmədov onu da diqqətə çatdırdı ki, buranı bitirənlər təkcə ölkəmizdə yox, xaricdə fəaliyyət göstərən şirkətlərdə də özlərinə iş karyerası qurublar.

“Gəmi sürücülüyü” fakültəsinin dekanı Elnur Abbasov tələbələrə tədrisin aparılması qaydalarından, ölkəmizdə tətbiq olunan Bolonya təhsil sistemindən, təhsilin kredit sistemi ilə təşkilindən, imtahanların qiymətləndirilməsindən, təqaüdün təyin edilməsindən və bir çox vacib məqamlardan, o cümlədən Akademiyada tətbiq edilən nizam-intizamdan danışıb. ADDA tələbələrinin xüsusi geyim formasının onlar üçün ayrıca məsuliyyət olduğunu söyləyən fakültə dekanı bildirib ki, tələbələr istər Akademiyada, istərsə də Akademiyadan kənarda bu məsuliyyəti həmişə hiss etməlidirlər.

Sonra görüşə dəvət olunan qrupların nümayəndələri təyin edilib. Tələbələrə həmçinin Microsoft Teams proqramında işləmək üçün istifadəçı adı və şifrələr paylanıb. ADDA-nın İnformasiya Resurs Mərkəzinin baş mütəxəssisi Adil Sadiqov bu proqramla ilkin tanışlıq haqqında məlumat verib.

“Dəniz naviqasiyası” kafedrasının müdiri Həzi Nəbiyev və kafedranın baş müəllimi İsmayıl Dünyamalıyev tələbələri ixtisaslaşmış otaqlarla tanış edib, burada keçilən dərslər barədə geniş məlumat veriblər.