- XƏBƏRLƏR -
5627 Arxiv
Tələbələrin qeydiyyatı bitdi
2020.10.08 12:17

Azərbaycan Dövlət Dəniz Akademiyasına bu il qəbul olunan tələbələrin qeydiyyatı başa çatıb. Əvvəlki illərdən fərqli olaraq cari ildəki qeydiyyat prosesi onlayn qaydada aparıldı. Bu ilin əvvəlindən bütün dünyada acı fəsadlar törətmiş koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısını almaq məqsədilə dövlət tərəfindən atılan addımların davamı olaraq qeydiyyat prosesinin bu formada aparılması Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən tövsiyə edilib.

Akademiyanın rəsmi internet səhifəsində yerləşdirilmiş onlayn qeydiyyat formasında ADDA-ya daxil olan tələbələrin şəxsi məlumatları ilə yanaşı, onların geyim formasının ölçülərinin də daxil edilməsi nəzərdə tutulub.

Tələbə adını qazanmışlar qeydiyyat formasını doldurub yadda saxladıqdan sonra onların e-mail ünvanlarına təsdiq məktubu göndərilib. Burada onların bir daha daxil etdikləri məlumatların doğruluğunu yoxlamaq imkanları olub.

ADDA-nın Tədris-qeydiyyat şöbəsinin əməkdaşları bütün göndərilən məlumatları yoxladıqdan sonra onları ümumi məlumat bazasına daxil ediblər.

Yekun statistikaya görə, ADDA-nın 4 ixtisası üzrə Azərbaycan və 2 ixtisası üzrə ingilis dilində tədrisi nəzərdə tutulan bütün yerlər 100 faiz dolub.

Nazirlər Kabinetinin 29 avqust 2020-ci il tarixli 312 nömrəli qərarına əsasən, yaxın günlərdə 1-ci tədris ilində təhsil alacaq tələbələr Akademiya ilə əyani tanışlıq üçün təhsil müəssisəsinə dəvət olunacaqlar.

Bir daha ADDA-nın rəhbərliyi və professor-müəllim heyəti adında tələbə adını qazananları təbrik edir və onlara bu məsuliyyətli işlərində uğurlar arzulayırıq.