- XƏBƏRLƏR -
7696 Arxiv
ADDA professoru sertifikatlara layiq görülüb
2020.09.20 10:26

Bu ilin may ayında Niderlandın “Elsevier” korporasiyasının təşkilatçılığı və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin koordinatorluğu ilə Azərbaycanın ali təhsil müəssisələri üçün “Science Direct” və “Scopus” platformaları ilə tanışlıq məqsədi daşıyan onlayn təlimlər keçirilib.

Rus və ingilis dillərində keçirilən təlimlər 2 sessiyadan ibarət olub. Ölkəmizin 10 ali təhsil müəssisəsindən 400-ə yaxın akademik işçi heyətinin iştirak etdiyi təlimlərdə dinləyicilərə “Science Direct” və “Scopus” bazalarından istifadə qaydaları haqqında məlumat verilib.

Azərbaycan Dövlət Dəniz Akademiyasının “Tətbiqi mexanika” kafedrasının müdiri, texnika elmləri doktoru, professor Vaqif Həsənov da sözügedən təlimin iştirakçıları arasında olub.

“Elsevier Azerbaijan Webinar Series”-in təşkil etdiyi “Researcher Academy On Campus” distant təhsilə aid təlimin nəticəsinə görə ADDA-nın professoru V. Həsənov 5 nominasiyada sertifikatlara layiq görülüb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə “Elsevier” korporasiyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Əməkdaşlığın əsas məqsədi Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq elmi məlumat bazalarına çıxışının genişləndirilməsi, beynəlxalq elmi nəşrlərin sayının artırılması, nəşr olunan elmi məqalə və jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması və nəticə olaraq təhsil müəssisələrimizin nüfuzlu qurumlara məxsus beynəlxalq reytinq siyahılarında (“QS World University Rankings”, “The Financial Times”, “Shanghai Ranking” və s.) irəliləməsinə nail olmaqdır.