- XƏBƏRLƏR -
5951 Arxiv
ADDA-NIN MƏTBƏƏSİNDƏ YENİ KİTABLAR ÇAP EDİLİB
2020.06.12 12:26

Azərbaycan Dövlət Dəniz Akademiyasının mətbəəsində mütəmadi olaraq tələbələr üçün yeni kitabların və dərs vəsaitlərinin çapı həyata keçirilir. Bura həm ixtisas fənləri, həm də Akademiyada tədris olunan digər ümumi fənlər üzrə kitablar, mühazirələr, metodik göstərişlər daxildir.

Bugünlərdə mətbəədə ADDA-nın ”Gəmi energetik qurğuları” kafedrasının müdiri, dosent Akif İsmayılovun və həmin kafedranın baş müəllimi Nurməhəmməd Talıbovun müəllifliyi ilə “Gəmi daxili yanma mühər­riklərinin konstruksiyası” dərsliyi və "Gəmi elektroavtomatikası" kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Elşən Sultanov və eyni kafedrada çalışan baş müəllim Fəxrəndə Məmmədovanın birlikdə hazırladığı “Gəmi elektronikası və güc çeviriciləri” adlı dərs vəsaiti nəşr olunub. Hər iki nəşr ADDA-nın kitabxanasına təhvil verilib.

Dosent  A. İsmayılov və N. Talıbovun müəllifləri olduğu dərslikdə gəmi daxili yanma mühərriklərinin gövdə hissələrinin, dirsək-şatun və qazpaylama mexanizmlərinin əsas hissələrinin konstruksiyalarına baxılır, dizel mühərriklərinin üstəlik üfürmə sistemlərinin sxemləri, qazturbokompressorlarının, qaz turbinlərinin və kompressorlarının quruluşları, yanıcı qarışığın hazırlanması üsulları və yanma kamerinin konstruksiyaları nəzərdən keçirilir, gəmi mühərriklərinin yanacaq, yağlama, soyutma, işə salma, revers və idarəetmə sistemlərinin sxemləri, onların əsas elementlərinin konstruksiyaları haqqında məlumatlar verilir.

Dosent E.Sultanov və  baş müəllim F. Məmmədovanın birgə əməyi nəticəsində ərsəyə gələn dərs vəsaitində gəmilərdə tətbiq edilən yarımkeçiricilər, birfazalı və üçfazalı düzləndiricilər, filtirləyici və stabilləşdirici qurğular, tezlik çeviriciləri,yarımkeçiricilərin qəza rejimləri və mühafizələri haqqında ətraflı məlumatlar verilib.

Dərslik və dərs vəsaitindən Akademiyanın tələbələri ilə yanaşı, mühəndislər, tədqiqatçılar və gəmilərdə çalışan mütəxəssislər də  istifadə edə bilərlər.