- XƏBƏRLƏR -
9981 Arxiv
ADDA-nın Elmi Şurasının yaz İmtahan sessiyası ilə bağlı qərarı açıqlanıb
2020.06.05 15:01

Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi Şurasının növbəti iclası keçirilib. Akademiyanın rektoru Heydər Əsədovun sədrlik etdiyi iclasın əsas müzakirə mövzusu cari tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi olub.

ADDA rektoru H.Əsədov bildirib ki,  Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvaqif sərəncamına görə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırıldıqdan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin tövsiyələrinə uyğun olaraq digər təhsil müəssisələrində olduğu kimi ADDA tələbələri üçün də distant təhsilin aparılması haqqında qərar qəbul olunub.

Ölkəmizdə karantin rejiminin tətbiq olunduğu müddətdə Akademiyanın bütün kafedralarında tədris aparan müəllimlər tərəfindən fənlər üzrə “WhatsApp” qrupları yaradılıb. Hər bir qrupa mühazirələr, məşğələ və laboratoriya dərslərinin yerinə yetirilməsinə aid metodiki göstərişlər, slaydlar, video çarxlar, sərbəst işlərin mövzuları, sillabuslar və ədəbiyyat siyahıları göndərilib.

Bundan əlavə, tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə tələbələr üçün “Zoom İcloud Meetings” videokonfrans, “Viber” və “Skype” proqramları vasitəsilə də görüntülü mühazirələr təşkil edilib. Bu mühazirələr xüsusi proqram vasitəsilə video formatında da yazıldıqdan sonra həmin mühazirələr dərslərə real vaxt rejimində qoşulmaq imkanı olmayan tələbələrin elektron ünvanlarına göndərilib.

Bir sözlə demək olar ki, 2019/2020-ci ilin yaz semestrində tədris olunan bütün fənlər üzrə distant təhsilin aparıldığını diqqətə çatdıran rektor H. Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının öz tələbələri qarşısında təhsilin məzmununa və təşkilinə dair qanunvericilikdə nəzərdə tutulan tələbləri mümkün qədər yerinə yetirdiyini vurğulayıb.    

H. Əsədov həmçinin onu da qeyd edib ki, dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkəmizdə xüsusi karantin rejimi tətbiq olunması səbəbindən bir çox fəaliyyət sahələrinin görə bilcəyi ziyanın qarşısının alınması məqsədi ilə ölkə başçısı Cənab İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən Nazirlər Kabineti müvafiq qərarlar verib.

Rektor H. Əsədov Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması məqsədi ilə Nazirlər Kabinetinin 19 may qərarını bir daha Şura üzvlərinin diqqətinə çatdırıb. Qeyd edib ki, 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkilinin bu qərarın müddəalarına həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 20 may 2020-ci il tarixli 01-11-522/15 nömrəli məktubundakı tövsiyələrinə  uyğun aparılması vacib şərtdir. 

Sonra Şura üzvləri çıxış etdilər. Yaz semestrinin imtahan sessiyasının aparılmasına dair müxtəlif fikrilər səsləndi. Bütün təkliflər dinlənildikdən sonra açıq səsvermə yolu ilə seçilən təklif Elmi Şuranın Qərar layihəsinə daxil edildi.

Beləliklə tədrislərinin buraxılış ilində təhsil alan bakalavr və magistrantlar üçün ADDA-nın Elmi Şurası qərara aldı:

  1. Bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr (o cümlədən əvvəlki illərdə YDA-dan qeyri-müvəffəq qiymət almış tələbələr) təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricilərinə - ÜOMG) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunsun. Dövlət imtahanının ÜOMG əsasında qiymətləndirilməsinə razı olmayan tələbələrə cari imtahan sessiyası müddətində onlayn qaydada dövlət imtahanı təşkil olunsun;
  2. Tələbələrin YDA-na təqdim olunan sənədləri fakültə dekanları tərəfindən hazırlanaraq aralıq yoxlama üçün Tədris-qeydiyyat şöbəsinə təqdim olunsun. Müvafiq yoxlamadan sonra son qərarın qəbul edilməsi üçün DAK-ın müzakirəsinə çıxarılsın;
  3. Magistratura səviyyəsində magistrlik dissertasiyasının müdafiəsi əyani formada təhsilalanlar üçün (3 nəfər) 06.07.2020-10.07.2020-ci il tarixlərində, qiyabi formada təhsilalanlar üçünsə (10 nəfər) 21.12.2020-25.12.2020-ci il tarixlərində onlayn qaydada keçirilsin;
  4. Təhsilin bakalavriat səviyyəsində istehsalat təcrübəsinin qiymətləndirilməsi təcrübə rəhbərinin və kafedra müdirinin rəyi əsasında aparılsın;
  5. COVİD-19 pandemiyası səbəbindən Akademiyanın bir qrup 4-cü tədris ili tələbələrinin diplomqabağı üzmə istehsalat təcrübəsini tamamalaya bilmədiyini nəzərə alaraq, həmin tələbələrin müstəsna hal kimi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Dövlət Dəniz Agentliyinin razılığı əsasında Yekun Dövlət Attestasiyasına buraxılmalarına icazə verilsin. Bu tələbələrə fakültə dekanlığı tərəfindən məlumat verilsin.

 2019/2020-ci ilin yaz semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı ADDA-nın Elmi şurası qərara aldı:

    1. 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası 2 mərhələdə keçirilsin;

   -I mərhələ: 10.06.2020-16.07.2020 tarixlərində; 

 - II mərhələ:  yaz imtahan sessiyasında iştirak edə bilməyən və ya iştirak edib qeyri-müvəffəq qiymət alan tələbələr üçün 17.08.2020-11.09.2020-ci il tarixlərində ödənişsiz əsaslarla təşkil edilsin;

 Tələbələrin müraciətləri olduğu təqdirdə avqust ayında 3-4 həftə müddətində icmal mühazirələrin ödənişsiz əsaslarla təşkili təmin edilsin;

  1. Yaz semestrinin imtahan sessiyası bakalavriat və magistratura səviyyəsində internet üzərindən onlayn-test üsulu ilə keçirilsin. Onlayn-test imtahanlarında hər fənn üzrə hazırlanmış test bankından bir tələbəyə 25 sualdan ibarət tapşırıq müəyyən edilsin və bu zaman 1 doğru cavab 2 balla qiymətləndirilsin.
  1. İmtahan aparılacaq hər bir fənn üzrə fakültə dekanı, müvafiq kafedra müdiri və həmin fənni tədris edən müəllimdən ibarət imtahan komissiyaları təşkil edilsin;
  2. Test üsulu ilə keçirilən imtahanlarda “dörd səhvin bir düzgün cavabı ləğv etmə” qaydası tətbiq edilməsin;
  3. Onlayn tədris prosesində aktiv və ya passiv iştirak etməsindən asılı olmayaraq bütün tələbələrin imtahan sessiyasında iştirakı təmin olunsun;
  4. Cari semestrdə onlayn dərslərdə passiv iştirak edən tələbələr üçün imtahanqabağı bal (İQB) 34 bal, aktiv iştirak edən tələbələr üçün isə fənni tədris edən müəllim tərəfindən 50 baladək müəyyənləşdirilsin;
  5. Cari semestrdə müəyyən səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən və (və ya) həmin semestrdə akademik borcu yaranmış tələbəyə növbəti semestrin dərsləri başlayanadək bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılsın. Əlavə olaraq tələbə hər bir semestrdə fənni (fənləri) dinləmədən akademik borcu əvvəlki semestrdə (semestrlərdə) yaranmış iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) də imtahanda iştirak edə bilər;
  6. Yaz semestrinin nəticələrinə görə təqaüd almaq hüququ olan tələbələrin siyahısı sentyabr ayında 2020/2021-ci tədris ili başlayanadək müəyyən edilsin. Yaz semestrinin nəticəsinə görə akademik borcu yaranmış və borcunu 2020/2021-ci tədris ili başlayanadək ləğv etmiş tələbələr də növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilə bilər;
  7. 2019/2020-ci ilin payız semestrinin imtahan sessiyasından borcu qalmış tələbələr üçün (fənni dinləmədən) cari ilin iyun ayının 16-da internet üzərindən onlayn-test üsulu ilə imtahan keçirilsin.
  8. Əvvəlki tədris illərinin yaz semestrinin imtahan sessiyasından borcu qalmış tələbələr üçün (fənni dinləmədən) cari ilin 10-12 iyun tarixlərində internet üzərindən onlayn-test üsulu ilə imtahan keçirilsin.
  9. İmtahan nəticəsindən narazı qalan tələbələr üçün Apelyasiya təşkil edilsin;
  10. Bu qərarlar yalnız 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası üçün nəzərdə tutulsun.

İcmal mühazirələrdə iştirak etmək istəyən tələbələr 2020-ci ilin iyul ayının 5-ə qədər Akdemiyaya ərizə ilə müraciət etməlidirlər. 

Yay təcrübəsi ilə bağlı əlavə məlumat veriləcək.