- XƏBƏRLƏR -
473 Arxiv
Elm və tədris sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb
2020.03.18 12:37

Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) ilə Azərbaycan Milli Elmlər Akademiyasının “Riyaziyyat və Mexanika” İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanıb.  

Müqaviləyə əsasən, ADDA-nın “Tətbiqi mexanika” kafedrası ilə AMEA-nın “Riyaziyyat və Mexanika” İnstitutu arasında kadr hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlıq həyata keçiriləcək. Əməkdaşlıq çərçivəsində Akademiyanın tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalata inteqrasiyası gücləndiriləcək. Bununla belə, tələbə və magistrlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri praktiki bilik, bacarıq və vərdişlər formalaşdırılacaq. Müqavilədə “Riyaziyyat və Mexanika” sahəsində  elmi yeniliklərin və innovasiyaların tədris prosesinə cəlbi, birgə elmi tədqiqatların aparılması, tərəflər arasında elmi-tədqiqat və kadr hazırlığı sahəsində əməkdaşlığın yaradılması və inkişafı istiqamətində işlərin görülməsi də əksini tapıb.

AMEA-nın “Riyaziyyat və Mexanika” İnstitutu müqavilə çərçivəsində təmənnasız tədris prosesinin təşkili üçün zəruri otaqlar ayırıb, onları lazımi avadanlıqlarla təchiz edəcək. Həmçinin, təhsil alanlar və təhsil verənlərə İnstitutun laboratoriyalarında, şöbələrində və arxivində əməkdaşlarla birgə elmi-tədqiqat işi aparmaları üçün şərait yaradılacaq.

Razılaşmaya əsasən, AMEA-nın “Riyaziyyat və Mexanika” İnstitutunun əməkdaşları ADDA-da müəyyən dərs yükü ilə də təmin olunacaq. Bununla belə, ADDA öz növbəsində elmi-tədqiqat işlərinin yerinə yetirilməsinin kordinasiyasını həyata keçirəcək. Əmakdaşlığın nəticəsində əldə edilmiş mühüm elmi nəticələr və innovativ xarakterli məlumatlar öyrənilərək müvafiq ixtisaslar və ixtisaslaşmalar üzrə tədris proqramına daxil ediləcək.  

Müqavilə növbəti beş illik dövr üçün bağlanıb.