- XƏBƏRLƏR -
297 Arxiv
Valideynlər imtahanda
2020.02.11 10:38

Bugün ADDA-da payız imtahan sessiyasının 2-ci mərhələsinin növbəti imtahanları keçirilib. Xatırladaq ki, bu mərhələdə Akademiyanın 2 və 3-cü kurslarından ibarət 322 tələbəsi 98 fənn üzrə imtahan verəcək. İmtahanlar həm test, həm də yazılı üsulu ilə keçirilir.

Hər il olduğu kimi bu il də ADDA rəhbərliyinin təşəbbüsü ilə imtahan prosesini izləmək üçün tələbələrin valideynləri dəvət olunub.  Valideynlərə imtahanlar haqqında geniş məlumat verilib. Qeyd edilib ki, həm imtahanın gedişi, həm də bilet suallarının yoxlanılması zamanı şəffaflığın qorunması diqqətdə saxlanan ən başlıca məsələdir. Sualların uyğun kafedra müəllimləri tərəfindən təqdim edilməsinə baxmayaraq biletlərdə onların hansı ardıcıllıqda olması kompyuter vasitəsi ilə təyin edilir. Cavabların yazıldığı vərəqlərdə tələbənin ad-soyadı şifrələnir. Beləliklə imtahan yoxlayan müəllimin hansı tələbənin cavabını yoxlamasından xəbəri olmur. Bu da öz növbəsində hər hansıda bir baş verə biləcək neqativ halın qarşısını ala bilir.

Test imtahanları haqqında valdeynlərə məlumat verilərək bildirilib ki, bu imtahanı verən tələbə uyğun fənn üzrə yekun qiymətini dərhal bilir. Belə ki, semestr boyu fənnin tədrisi zamanı tələbənin məşğələ dərslərindəki aktivliyi müəllimlər tərəfindən balla qiymətləndirilir. Bunun nəticəsində tələbənin İmtahan Qabağı Bal-ı (İQB) müəyyənləşir. Test imtahanından öncə İQB kompyuterə yüklənir. Bu üsulla imtahanı verən tələbə İQB ilə test imtahanının toplanmış nəticəsini yekun olaraq monitorda görür.

Valideynlər də öz növbəsində onlara imtahan prosesi ilə yaxından tanış olmağa şərait yaratdığına görə Akademiyanın rəhbərliyinə minnətdarlğını bildiriblər. Buradakı təhsilin və nizam-intizamın övladlarının şəxsi həyatında da müsbət təsir göstərdiyini qeyd etdilər.