- XƏBƏRLƏR -
1187 Arxiv
Gənclər hazırda regionun lider dövləti olan Azərbaycanın taleyinə daha gözəl günlər yazmağa qadirdirlər
2020.01.31 17:25

Əziz gənclər!

2 fevral Gənclər Günüdür. Gündən-günə çiçəklənən ölkəmizdə gənclər siyasətinin formalaşdırılmasında Ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub. Ulu öndər hələ sovet dövründə gənclərin himayədarı kimi çıxış edir, gənclərə böyük qayğı göstərir, onların kamil şəxsiyyət kimi yetişmələrinə, nüfuzlu ali məktəblərdə təhsil almalarına xüsusi önəm verirdi.

Azərbaycan müstəqillik əldə etdikdən sonra isə Ulu öndərin fəaliyyətində gənclərlə iş prioritet istiqamətlərdən birinə çevrildi. Gənclər sahəsində qanunvericilik bazası hazırlandı, gənclərin istədikləri bütün sahələrdə fəaliyyət göstərmələri üçün geniş imkanlar yaradıldı.

İyirmi üç il əvvəl imzaladığı müvafiq Sərəncamla təsis edilən 2 fevral – Gənclər Gününü də Ümummilli liderimiz Heydər Əliyevin cəmiyyətdə gedən proseslərin önündə görmək istədiyi Azərbaycan gəncliyinə töhfəsi saymaq olar.

Ulu öndərin əsasını qoyduğu gənclər siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun  davam etdirilməsi gənc nəslin hərtərəfli inkişafı və səmərəli fəaliyyəti üçün geniş imkanlar yaradıb. Bu imkanlardan bəhrələnən gənclər də borclu qalmamağa, onlara bəslənilən ümidləri layiqincə doğrultmağa çalışırlar. Dövlət başçısının sözləri ilə desək: ”Gənclər cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar. Mən gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm. Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində mən görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar. Bu, çox önəmlidir.”

Hər bir xalqın gələcəyi gənclərdən birbaşa asılıdır. Bu baxımdan müstəqil Azərbaycanın gələcəyi ilə bağlı  narahatçılığa əsas yoxdur. Əksinə, daha xoşbəxt günlərimizin qabaqda olduğuna böyük bir inam var. Çünki mahiyyətcə yeni mərhələyə yüksəldilən gənclər siyasəti nəticəsində bu gün ölkəmizdə bilikli, müasir dünyagörüşə malik, azərbaycançılıq ideyalarına  dərindən yiyələnən vətənpərvər, fiziki və mənəvi cəhətdən yenilməz gənclər yetişib. Məhz belə gənclər hazırda regionun lider dövləti olan Azərbaycanın taleyinə daha gözəl günlər yazmağa, xalqımızı daha xoşbəxt günlərə çıxarmağa qadirdirlər.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin çoxminli kollektivinin  də  böyük bir hissəsini  yüksək vətəndaşlıq hisslərinə malik  gənclər təşkil edir. Gəmiçiliyin rəhbərliyi də qarşıda duran çətin və şərəfli vəzifələrin həllində onların istedad və bacarığına, təşəbbüskarlığına arxalanır. Gənclərimizin  ümidləri doğrultduqlarını müşahidə etmək isə çox sevindiricidir.

Əziz gənclər! Sizi Gənclər Günü münasibəti ilə səmimi-qəlbdən təbrik edir, sizə möhkəm cansağlığı, xoşbəxtlik, təhsildə və əməkdə yeni-yeni uğurlar arzulayıram.

 Bayramınız mübarək!

 Rauf  Vəliyev,

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”

Qapalı Səhmdar Cəmiyyətinin sədri