- XƏBƏRLƏR -
8617 Arxiv
2020-ci ilin ilk Elmi Şurası keçirilib
2020.01.31 13:30

Yanvarın 30-da ADDA-nın rektoru Heydər Əsədovun sədrliyi ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi Şurasının 2020-ci ildə ilk iclası keçirilib.

Akademiyanın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov doktorant və dissertantların attestasiyası ilə bağlı məruzə edib. Elmi Şuranın sədri, rektor H. Əsədov iclasda iştirak edən doktorantların hamısını fərdi qaydada dinləyib. Elmi işlərinin gedişi ilə maraqlanan rektor onların hər birindən fəaliyyəti zamanı rastlaşdıqları çətinliklər barədə soruşub və onlara ADDA tərəfindən bütün zəruri köməyin göstəriləcəyini bildirib. H.Əsədov doktorantların təhkim edildiyi kafedraların müdirlərinə mütəmadi qaydada elmi işlərin gedişi barədə ona məruzə olunmasını və doktorantlara işləri zamanı bütün lazımi şəraitin yaradılmasını tapşırıb.

Sonra 2019-cu ildə ADDA-da elmi-tədqiqat işlərinin yerinə yetirilməsi və beynəlxalq əməkdaşlığın vəziyyəti barədə prorektor V.Sadıqovun hesabatı dinlənilib. Elmi-tədqiqat işlərinin nəticələrinin istehsalatda tətbiqinin əsas hədəf olduğunu qeyd edən rektor bu işlərə xüsusi diqqətin ayrılmasının vacibliyini qeyd edib, tədqiqat işlərinin aparılması üçün tələb olunan maddi-texniki bazanın ən müasir standartlar səviyyəsinə çatdırılması ilə bağlı təkliflərin qısa müddətdə hazırlanması üçün müvafiq kafedralara göstəriş verib.

Şurada Akademiyanın digər xarici ölkə ali məktəbləri və beynəlxalq qurumlar ilə əməkdaşlığının genişləndirilməsi barədə müzakirələr aparılıb. Beynəlxalq Dəniz Universitetləri Assosasiyasına üzv olan ölkələrin təhsil müəssisələri ilə təcrübə mübadiləsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

Sonda Dövlət İmtahanlarına hazırlıq və onun aparılması qaydalarının təkmilləşdirilməsi haqqında ixtisas kafedra müdirlərinin fikirləri dinlənilib. İxtisaslar üzrə Dövlət Attestasiya Komissiyalarının və İxtisaslaşmış Elmi Şuraların tərkibi təsdiq edilib.