- XƏBƏRLƏR -
6269 Arxiv
ADDA-nın ingilis dilli qruplarının imtahanları başlayıb
2020.01.14 13:27

Diplomu 170-dən çox ölkədə tanınan Azərbaycan Dövlət Dəniz Akademiyasının məzunları, Azərbaycanda olduğu kimi, ölkə hüdudlarından kənarda da iş karyeralarını qururlar. Təbii ki, xarici gəmiçilk şirkətlərində işləməkdən ötrü ADDA məzunları Akademiyada aldıqları biliklərdən əlavə fərdi şəkildə xarici dil kurslarını da keçməli olurdular. Məzunlarına dünyanın bir çox yerində tələbat olduğundan ADDA 2018/2019-cu tədris ilindən etibarən ingilis dilində də təhsilə start verib. Xarici dildə tədris əvvəlcə “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə aparılırdısa, 2019/2020-ci tədris ilində artıq ADDA-nın “Gəmi energetik qurğuları və onların istismarı mühəndisliyi” ixitisası üzrə də ingilis dilində təhsil almaq mümkündür.

2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında ingilisi dilli qrupların 1-ci kurs tələbələri də öz biliklərini sınayırlar. Məlumat üçün bildirək ki, bu tələbələrə həftədə 30 saat olmaqla 15 həftə ərzində “Ümumi ingilis dili” fənni üzrə dərslər keçilib. Bu fənn üzrə imtahan dilin bütün dörd aspekti üzrə həyata keçirilir. Bura dinləyib-anlama, danışıq, oxu və yazı daxildir.

“Dinəyib-anlama” imtahanında tələbələr səsləndirilən mətn üzrə təklif olunan seçimlərdən ən düzgününü qeyd etməklə anlama qabiliyyətlərini nümayiş etdirirlər. Mətn tələbələr üçün yalnız iki dəfə səsləndirilir.

Növbəti “Danışıq” imtahanı zamanı hər bir tələbənin fərdi danışıq bacarıqları qiymətləndirilir. Tələbə 5-10 dəqiqə ərzində çəkdiyi biletə əsasən mövzulardan birini hazırlıqsız səsləndirməklə ingilis dilində danışıq bacarığını nümayiş etdirir. Hər bir tələbənin şifahi danışığı  diktofona yazılır və imtahan materialı kimi semestr ərzində kafedrada saxlanılır. Bu materiallar apellyasiya subyekti ola bilər.

İmtahanın “Oxu”mərhələsində tələbələrin ümumi və dənizçilik terminləri bilikləri yoxlanılır. “Yazı” mərhələsində isə onlar esse yazmaq qabiliyyəti ilə yanaşı, qrammatik bilikləri ilə də sınağa çəkilirlər.