- XƏBƏRLƏR -
259 Arxiv
2020-ci ildə süfrələriniz bərəkətli, üzünüz gülər, yolunuz açıq olsun!
2019.12.30 10:23

Əziz həmkarlar!

Sizi qarşıdan gələn bayramlar – xalqımızın milli və mənəvi bütövlüyünü, azərbaycançılıq məfkurəsinə sədaqətini təcəssüm etdirən 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik və müstəqil Azərbaycanımızın tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Qlobal iqtisadi böhranın səngimək bilmədiyi, bir çox inkişaf etmiş ölkələrin belə, siyasi və iqtisadi problemlərin məngənəsində sıxıldığı  dövrdə də xalqımız üçün ilin ildən uğurlu keçməsi ən əvvəl təməli Ulu Öndər Heydər Əliyev tərəfindən  qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyevin layiqincə davam etdirdiyi kursun alternativsizliyini bir daha təsdiq edir. Başa çatmaqda olan 2019-cu il də yaddaşımızda  ölkəmizin dünyada siyasi çəkisinin daha da artdığı,   iqtisadi və sosial sahədə böyük nailiyyətlər əldə etdiyi, beynəlxalq reytinq siyahılarında ön mövqelərdə qərarlaşdığı il kimi qalacaq. Sözün bütün mənalarında nailiyyətlərlə zəngin, uğurlarla əlamətdar dövr kimi xatırlayacağıq “Nəsimi İli”ni. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər, aparılan islahatlar, qeyri-neft sektorunun inkişafına verilən dəstək son nəticədə qitələrarası mühüm tranzit və logistika mərkəzinə çevrilən Azərbaycanın iqtisadi qüdrətini artırmaqla  yanaşı, geostrateji mövqeyini də xeyli gücləndirdi.

2019-cu il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üçün də uğurlu oldu. Gəmiçiliyin beynəlxalq əlaqələrinin genişləndirilməsi, müstəqil Azərbaycanın üçrəngli bayrağı altında üzən gəmilərimizin dünya sularında daha da möhkəmlənməsi, donanmalarımızın gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunmuş gəmilərlə gücləndirilməsi kimi bir-birindən  xoş hadisələrin sevincini sizinlə birgə yaşadıq.

 Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dekabrın 13-də  Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan ilk neft tankerinin istismara verilməsi və Ro-Pax tipli “Azərbaycan” gəmi-bərəsinin suya salınması mərasimində iştirakını isə kollektivimiz  sonsuz sevinclə qarşıladı. Dövlət başçımızın dilində səslənən  “İndi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi gözəl standartlara çatıbdır və beynəlxalq şirkət kimi fəaliyyət göstərir” sözləri  bizə hədsiz fərəh bəxş etməklə yanaşı, həm də cavabdeh olduğumuz işlər üçün məsuliyyət hissimizi qat-qat artırır.

Gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan hər təzə gəmi isə donanmamızın daha da gücləndirilməsi ilə yanaşı, həm də yeni iş yerləri deməkdir.

Cari ildə ASCO-nun Xəzər Dəniz Neft Donanmasının 70 illik yubileyini böyük sevinclə qeyd etdik. Tarixi Neft Daşlarının yaranması ilə eyni dövrə təsadüf edən XDND-nin Azərbaycanda açıq dənizdə ilk dəfə neftin çıxarılmasında böyük rolu olub. Neftçilərlə gəmiçilər arasında yetmiş il əvvəl yaranmış işgüzar əlaqələr bu gün də yüksək səviyyədədir və dənizçilər hazırda  Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi”nin uğurla həyata keçirilməsində sanballı töhfələrini əsirgəmirlər.

Əminəm ki, kollektivimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanan və ölkə həyatının bütün sahələrində daha böyük yüksəlişi təmin edəcək yeni islahatlar konsepsiyasını Yeni ildə əməli işi ilə dəstəkləyəcək, dəniz nəqliyyatı qarşısında qoyduğu bütün vəzifələri layiqincə yerinə yetirəcək, ölkəmizin iqtisadi qüdrətinin artmasına sanballı töhfə verəcək.

Əziz həmkarlar!

2020-ci ildə süfrələriniz bərəkətli, üzünüz gülər, yolunuz açıq olsun!

Rauf Vəliyev,

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”

Qapalı Səhmdar Cəmiyyətinin sədri