- XƏBƏRLƏR -
1236 Arxiv
Qlobal ABS Akademiyalarının rəhbəri ilə görüş
2019.12.06 11:50

Beynəlxalq nüfuza malik təsnifat və sertifikatlaşdırma qurumu olan Amerika Gəmiçilik Bürosunun (ABS) Hyustondakı ofisinin Qlobal ABS Akademiyalarının rəhbəri Mark MakQras Azərbaycana səfəri çərçivəsində Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədovla görüşüb. Görüşdə kapitan Titos Giannakakis və ADDA-nın Təlim Tədris Mərkəzinin direktoru Emil Manafov da iştirak ediblər. Azərbaycana ilk səfəri olduğunu vurğulayan cənab MakQras burada gördüklərindən heyran olduğunu bildirməklə yanaşı, heç də təəccüblənmədiyini dilə gətirib. Belə ki, ölkəmizin gündən-günə artan nüfuzu artıq Azərbaycanın nəinki region və Avropada, hətta Amerika qitəsi ölkələrində də kifayət qədər tanınmasına imkan verib. Səfərindən öncə ölkəmiz haqqında məlumat toplayan amerikalı qonaq Bakıda olduğu müddətdə oxuduqlarının reallığa tam uyğun gəldiyini qeyd edib.

  1. MakQras həmçinin çalışdığı təşkilatın 2016-cı ildən əməkdaşlıq etdiyi Azərbaycan Dövlət Dəniz Akademiyası haqqında da kifayət qədər məlumatlı olduğunu deyib. Bildirib ki, 2016-cı ilin fevralında Amerika Gəmiçilik Bürosunun (ABS) Azərbaycan Dövlət Dəniz Akademiyasının Dənizçilərin hazırlanması və sertifikatlandırılması mərkəzində apardığı beynəlxalq auditin nəticələri əsasında ABS-in "Tədris müəssisələrinin və təlim kurslarının sertifikatlaşdırılması üzrə standartları"na uyğunluğu təsdiqlənib və beləcə Akademiya 2016-cı ildə ABS-in uyğunluq sertifikatını əldə edib. Bütün bunlar ixtisas və dənizçi hazırlığı üzrə xidmətlərin beynəlxalq və milli standartlara cavab  verməsini təmin edir.

Cənab MakQras ABS-lə tərəfdaş olan 70-dən çox ölkədə fəaliyyət göstərən Dənizçilik Akademiya və Universitetlərilə mütəmadi sıx əməkdaşlıqlarını da görüş iştirakçılarının diqqətinə çatdırıb. Qonaq ADDA-da olduğu müddətdə Təlim-tədris mərkəzi, Akademiyanın maddi bazası, buradakı tədris prosesi ilə tanışlıqdan sonra gələcəkdə tərəfdaş dövlətlərə səfərləri zamanı keçirdiyi görüşlərdə əməkdaşlığın vacibliyini qeyd edəcəyini də söyləyib.

Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədov qonaqları salamlayaraq ABS kimi nüfuzlu təşkilatın rəhbərliyini təmsil edən Mark MakQrosla tanışlığından çox məmnun qaldığını qeyd edib, qonağın ölkəmiz və Akademiyamız haqqında dediyi xoş sözlərə görə təşəkkürünü bildirib.

ABS-lə tərəfdaş ölkələrin akademiya və universitetlərində aparılan tədrislə bağlı məlumatlı olduğunu deyən H.Əsədov sözsüz ki, gələcəkdə bu təhsil ocaqları ilə əməkdaşlığın vacibliyini vurğulayıb, dəniz nəqliyyatı ilə daşımaların dünya iqtisadiyyatında yerindən, dənizçi peşəsinin tədrisinin müasir standartlara uyğun aparılmasının əhəmiyyətindən danışıb. Bunun üçün dənizçilik ixtisaslarını tədris edən universitet və akademiyalar arasında qarşılıqlı əməkdaşlığın vacib olduğunu söyləyib.

Sonda qonaqlar rektor Heydər Əsədova səmimi və mehriban şəraitdə keçən görüşə görə təşəkkürlərini bildiriblər.