- XƏBƏRLƏR -
5415 Arxiv
Bolqar hərbi dənizçilər ADDA-da
2019.11.21 14:50

Bolqarıstanın Nikola Vaptsarov adına Ali Hərbi Dəniz Məktəbinin ölkəmizə ezam edilmiş iki əməkdaşı Azərbaycan Dövlət Dəniz Akademiyasında olublar. ADDA-nın Tədris və tərbiyə işləri üzrə prorektoru, professor Zahid Şərifov və Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor, dosent Vüqar Sadıqovla görüşdə qarşılıqlı faydalı əməkdaşlıq perspektivləri müzakirə edilib. Qonaqlar çalışdıqları ali təhsil müəssisəsində ADDA haqqında, diplomunun 170-dən çox dövlətdə tanınması, məzunlarının təksə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində dənizçi karyerası qurmaları, Akademiyanın maddi bazası, Təlim-tədris mərkəzi barədə bir sıra mənbələrdən məlumatları olduğunu bildiriblər. Ümidvardırlar ki, əməkdaşlıq sazişi imzalandıqdan sonra tələbə və müəllim heyətinin mübadiləsi baş tutacaq və hər iki təhsil müəssisəsi bundan yararlana biləcək.

Zahid Şərifov öz növbəsində qonaqları səmimiyyətlə salamlayaraq qeyd edib ki, Akademiya rəhbərliyi xarici ölkə təhsil müəssisələri ilə sıx əməkdaşlığa daim tərəfdardır. Qloballaşan dövrdə bu cür əməkdaşlığın inkişafı ölkələr arasında müvafiq sahələr üzrə iş birliyinin daha uğurla qurulmasına böyük töhfə verə bilər. ADDA-nın tədris prosesindən danışan Z. Şərifov həmçinin Akademiyada tələbələr üçün yaradılan şərait haqqında da söz açdı. Pulsuz geyim forması, gündəlik pulsuz yemək, ən güzəştli şərtlərlə yataqxana haqqında eşidən qonaqlar belə bir şəraitin hətta inkişaf etmiş ölkələrdə olmadığını etiraf ediblər.

Dəniz Akademiyasının auditoriya və laboratoriyaları, trenajor otaqları ilə yaxından tanış olan qonaqlar, keyfiyyətli təhsil sisteminin qurulması istiqamətində Akademiya rəhbərliyinin atdığı addımlardan, yenidənqurma işlərindən razı qaldıqlarını qeyd ediblər.

Sonda bolqarıstanlı müəllimlər bu görüşün baş tutmasında ölkəmizin Bolqarıstandakı səfirliyinə və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə təşəkkürlərini bildiriblər.