- XƏBƏRLƏR -
6937 Arxiv
Heydər Əliyev irsini öyrənirik
2019.11.15 10:30

Azərbaycan Dövlət Dəniz Akademiyasının 1-ci kurs tələbələri Heydər Əliyev Mərkəzində olublar. Mərkəzin ən cəlbedici və maraq doğuran bölümü olan Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı tələbələrə bələdçi tərəfindən geniş məlumat verilib. Üç mərtəbədən ibarət muzeydə Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu barədə maraqlı faktlar, foto və videomateriallar yer alıb. Muzey forma ilə yanaşı, məzmun orijinallığı ilə də seçilir. Ziyarətçilərə Ulu öndərin 1923-cü ildən 2003-cü ilədək ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr barədə məlumatlar çatdırılır.

Tələbələr həmçinin “Azərbaycan inciləri” muzeyinə da baxıblar. Bu muzeydə Azərbaycan tarixinin və mədəniyyətinin nadir inciləri, ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair maraqlı eksponatlar nümayiş etdirilir. Sərgidə Azərbaycan ustalarının yaratdıqları misgərlik və zərgərlik məmulatları, qədim silah növləri, Azərbaycanda mövcud olan 8 xalçaçılıq məktəblərinin ən nəfis nümunələri, orijinal qaydada - səsli formada təqdim edilən musiqi alətləri, həmçinin tolerantlıq ünvanı kimi tanınan Azərbaycanda müxtəlif dinlərə aid müqəddəs kitablar ziyarətçilərin diqqətini cəlb edir.

Tələbələrin sözlərinə görə, Heydər Əliyev şəxsiyyətinin, onun Azərbaycan tarixində qoyduğu izinin və bu dahi şəxsiyyətin irsinin daha yaxından tanınmasında bu ekskursiyanın rolu əvəzsizdir.