- XƏBƏRLƏR -
430 Arxiv
Çində beynəlxalq seminar
2019.11.14 09:04

Oktyabrın 11-dən 31-dək Çin Xalq Respublikasında  “Bir kəmər - bir yol layihəsində inkişaf etməkdə olan ölkələrin universitet müəllimlərinin təkmilləşdirilməsi” (Belt and Road initiative Seminar on Capacity Building for University Teachers from Developing Countries) mövzusunda seminar keçirilib. Azərbaycan Dövlət Dəniz Akademiyasını seminarda Tədris-qeydiyyat şöbəsinin karyera və təcrübənin təşkili üzrə mütəxəssisi İlya Korablyov təmsil edib.

Cilin əyalətinin paytaxtı Çanqçun şəhərində baş tutan seminar Çin Xalq Respublikasının Təhsil və Kommersiya Nazirliklərinin maliyyə dəstəyi ilə  Şimal-Şərq Pedaqoji Universiteti tərəfindən təşkil edilib. Seminar 2002-ci ildən bəri hər il keçirilir və bu dövrdə dünyanın müxtəlif ölkələrindən 1000-ə yaxın təhsil işçisini bir araya gətirib. Məqsəd namizədlərin təmsil etdiyi ölkələrlə Çin Xalq Respublikası arasında müvafiq sahədə əməkdaşlığı daha da genişləndirməkdir.

 

Seminarda “1990-cı ildən bəri Çin Xalq Respublikasında həyata keçirilmiş təhsil islahatları”, “Çin təhsil modeli, uğurlar və mövcud vəziyyət, problemlər və həll yolları”, “Təqaüd proqramları və peşəkar keyfiyyətin inkişafı”, “Öyrənmə və öyrətmədə psixoloji idarəetmə”, “İnkişaf etməkdə olan ölkələrin təhsil sahəsindəki təcrübələrindən bəhrələnmə və qarşılıqlı əməkdaşlıq”, “Çinin ali təhsil sistemində İKT yeniliklərinin tətbiqi”, “Çinin ibtidai təhsil sisteminin idarəetməsi” və s. mövzularda mühazirələr təşkil edilib. 

Bununla yanaşı, təşkilat komitəsi seminar iştirakçıları üçün Şimal-Şərq Pedaqoji Universitetinin əsas və Cinyüe kampuslarına, Cilin Təbiət elmləri Muzeyinə, Çanqçun Non an İbtidai Məktəbinə, Şimal-Şərq Pedaqoji Universitetinin tərkibində fəaliyyət göstərən məktəbə səfərlər təşkil edib.

Seminarda Azərbaycan, Bosniya və Herseqovina, Cənubi Afrika Respublikası, Tanzaniya, Syerra Leone, Uruqvay, Argentina, Efiopiya, Şimali Koreya, Pakistan, Antiqua və Barbuda, İndoneziya, Panama və s. ölkələrdən təhsilin müxtəlif rəsmi idarəetmə dərəcələrini təmsil edən nümayəndələr iştirak ediblər.