- XƏBƏRLƏR -
6133 Arxiv
Gəmi layihələndirilməsi sahəsində əməkdaşlıq
2019.10.15 17:07

Bu gün Rusiyanın Nijni Novqorod vilayətinin Gəmiqayırma Klasterinin nümayəndə heyəti Azərbaycan Dövlət Dəniz Akademiyasında olub. Bakıya “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə əməkdaşlıq barədə müzakirələrə gələn qonaqlar Akademiyanın gəmilərin layihələndirilməsi istiqamətində ixtisaslaşan müəllim və tələbələri qarşısında maraqlı prezentasiyalarla çıxış ediblər.

            “Seatech” şirkətinin rəhbəri Pyotr Yejov ətraflı məruzəsində Azərbaycanlı tərəfdaşlarla iş birliyinin tarixindən söhbət açaraq bildirib ki, Xəzər Dəniz Gəmiçiliyi üçün “Neptun” üzən dokunun layihələndirilməsində yaxından iştirak edib və bu əməkdaşlıqdan çox razı qalıb. Hazırda Gəmiçiliyin “Xəzərdənizlayihə” elmi-tədqiqat institutu ilə birlikdə müxtəlif layihələrin hazırlanmasında möhkəm iş birliyi qurulub. ADDA-da ən müasir layihələndirmə sistemlərindən olan CADMATİC proqram təminatının tədrisinə dair yeni laboratoriyanın qurulması bu əməkdaşlığın bariz nümunəsidir. Məlumat verilib ki, Nijni Novqorod vilayətinin Gəmiqayırma Klasterində cəmləşmiş şirkət və zavodlar Rusiyanın gəmi tikintisi sahəsində məhsullarının 60 faizini istehsal edir. Müasir tendensiyalara əsasən, istehsalçı şirkətlərin gəmi layihəsinin işlənməsində bilavasitə iştirakı və layihəyə uyğun gələn avadanlıqların gəmiqayırma müəssisəsinə təqdim olunması bütövlükdə inşaat prosesini sürətləndirir, gəminin maya dəyərini aşağı salmağa imkan verir.

            Gəmilərin layihələndirilməsi, gəmi avadanlıqlarının, göyərtə mexanizmlərinin təchizatı və s. sahələrdə ixtisaslaşmış müxtəlif şirkətlərin başçılarının çıxışları xüsusilə tələbələrin böyük marağına səbəb olub. Qonaqlar səslənən çoxsaylı suallara aydınlıq gətiriblər, gələcəyin gənc mütəxəssisləri ilə ünsiyyətdən razılıqlarını ifadə ediblər.