- XƏBƏRLƏR -
5553 Arxiv
Tələbələrimiz təltif olunub
2019.09.19 16:00

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Neftqaz-58” təchizat-yedək, “Məmməd Süleymanov” mühəndis-geoloji və “Vaqif Cəfərov” kran gəmilərinin heyəti, eləcə də  “Vaqif Cəfərov” kran gəmisində üzmə-istehsalat təcrübəsində olan Azərbaycan Dövlət Dəniz Akademiyasının beş tələbəsi Hərbi Hava Qüvvələrinin “MiQ-29” qırıcı təyyarəsinin axtarışlarında fəal iştirak etdiklərinə görə təltif olunublar.

Bugün Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirovun əmri ilə təltif olunan Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələrinə Fəxri Fərmanlar təqdim edilib.

Fəxri Fərmanların verilməsi mərasimində bildirilib ki, Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-29” qırıcı təyyarəsinin və pilotun axtarışı, tapılması və dənizdən çıxarılmasında  ASCO-ya məxsus gəmilərin heyət üzvləri ilə yanaşı, təcrübəçi tələbələr də yüksək peşəkarlıq göstəriblər.

Qeyd edək ki, iyulun 24-də Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-29” qırıcı təyyarəsi gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman radarlardan itib və qəzaya uğrayıb. Xəzər dənizinə düşən təyyarə uzun sürən axtarışlardan sonra tapılıb, qalıqları və pilotun nəşi dənizdən çıxarılıb.