- XƏBƏRLƏR -
735 Arxiv
Valideynlər ADDA-da
2019.06.23 17:12

Valideynlər ADDA-da

 

Bu gün Azərbaycan Dövlət Dəniz Akademiyasında yaz semestrinin imtahan sessiyasının növbəti imtahanları keçirilib. 2-ci və 3-cü kursların ümumilikdə 438 tələbəsi fənlər üzrə biliklərini sınayıblar. İmtahanlar həm test, həm də yazılı üsulla keçirilir.

Hər il olduğu kimi bu il də ADDA rəhbərliyinin təşəbbüsü ilə imtahan prossesini izləmək üçün tələbələrin valideynləri dəvət olunub. Tədris və tərbiyə işləri üzrə prorektor Zahid Şərifov qonaqlara imtahanlar haqqında geniş məlumat verib. Bildirib ki, həm imtahanın gedişi, həm də bilet suallarının yoxlanılması zamanı şəffaflığın qorunması diqqətdə saxlanan ən başlıca məsələdir. Sualların kafedra müəllimləri tərəfindən təqdim edilməsinə baxmayaraq, biletlərdə onların hansı ardıcıllıqda olması kompüter vasitəsi ilə təyin edilir. Cavabların yazıldığı vərəqlərdə tələbənin ad-soyadı şifrələnir. Beləliklə, cavabı yoxlayan müəllimin hansı tələbənin cavabını yoxlamasından xəbəri olmur. Bu da, öz növbəsində, hər hansı neqativ halın qarşısını ala bilir.

Valideynlərə həmçinin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi tərəfindən  Akademiya üçün yenicə alınmış CADMATİC otağı barəsində məlumat verilib. Qeyd olunub ki, CADMATİC “Gəmiqayırma, okean texnikası və dəniz infrastrukturu obyektlərinin sistem texnikası” istiqamətində yeni hazırlıq standartında istifadə olunan proqram təminatıdır. CADMATİC tələbələrə müəyyən bir tapşırığın modelləşdirilməsinə və təcrübədən keçirilməsinə imkan yaradır. Sonra ADDA-nın tədris-təlim bazasına daxil olan digər avadanlıqlar haqqında da məlumat verilib.

Valideynlər imtahan prosesi ilə yaxından tanış olmağa şərait yaratdığına görə Akademiyanın rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. ADDA-da tədris prosesinin və nizam-intizamın övladlarının karyerasına müsbət təsir göstərəcəyinə əmin olduqlarını qeyd ediblər.