- XƏBƏRLƏR -
5110 Arxiv
Ramazan bayramınız mübarək!
2019.06.04 05:27

Hörmətli həmkarlar!

Sizi  İlahi hikmətlər xəzinəsi “Qurani-Kərim”in nazil olması ilə əlamətdar olan, insanlar arasında mənəvi birlik, vəhdət və humanizm duyğularını gücləndirən mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir,  sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət,  müstəqil Azərbaycanımızın daha da qüdrətlənməsi  naminə  şərəfli işinizdə uğurlar arzulayıram.

İnsanların  daxili kamilliyinin zənginləşməsinə  xidmət edən bu bayram onları savab əməllərə dəvət edir, yer üzündə sülhün, əmin-amanlığın və qardaşlığın bərqərar olması naminə birgə səylər göstərməyə çağırır.

Xalqımız bütün dövrlərdə qəlbində yaşatdığı, əzəməti hüdudsuz olan Ramazanı  Azərbaycan müstəqilliyə qovuşandan sonra daha böyük ruh yüksəkliyi ilə qarşılayır,  bu əziz günü həm də rəsmi şəkildə bayram edir.

Xalqımızın islami dəyərlərə bağlılığı dövlət rəmzlərində də  özünü təcəssüm etdirir. Müstəqil respublikamızın üçrəngli bayrağında yaşıl rəngin islamçılıq rəmzi kimi yer alması da xalqımızın yüzilliklər boyu etiqad göstərdiyi dini dəyərlərə həssas münasibətinin ifadəsidir.

Azərbaycanda din dövlətdən ayrı olsa da, ölkə rəhbərliyi səviyyəsində İslama, onun ayrı-ayrı mübarək bayramlarına yüksək hörmət, ehtiram, etiqad mövcuddur. İnsanların dini etiqad azadlığının ən yüksək səviyyədə təminatı üçün bütün zəruri tədbirlər həyata keçirilir. Ölkəmizdə müxtəlif milli və dini mərasimlər, o cümlədən, Ramazan bayramı hər il dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunur.

Möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi, bu müqəddəs bayramın dövlət səviyyəsində qeyd edilməsi bizim multikultural və tolerant prinsiplərə necə yüksək qiymət verməyimizi nümayiş etdirir. Bu gün biz dünyaya bir daha qəlbimizdəki milli dəyərlərə sadiq olduğumuz qədər bəşəri dəyərləri də yaşatdığımızı bəyan edirik. Dini, milli rəngarəngliyimizi mənəvi bütövlüyümüzün zənginliyi kimi qəbul edirik.

Xalqımızın ülvi arzularının Vətənimiz üçün səadət, tərəqqi istəkləri ilə qovuşduğu bu bayram insanlarda vəhdət və humanizm duyğularını gücləndirir, onları  xeyirxah əməllərə çağırır.

Qoy xalqımızın səadəti, əmin-amanlığı,  gənc müstəqil dövlətimizin  tərəqqisi ilə bağlı bütün arzu və diləklərimiz Ulu Tanrı dərgahında qəbul olunsun və Uca Yaradan mərhəmətini Odlar yurdunun üstündən heç vaxt əskik etməsin. Ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət diləyirəm.

Bayramınız mübarək olsun!

 Rauf Vəliyev,               

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”

Qapalı Səhmdar Cəmiyyətinin sədri