- XƏBƏRLƏR -
5843 Arxiv
Rektor: “Siz Akademiyanın simasısınız”
2019.05.15 17:00

Mayın 15-də Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədovun təşəbbüsü ilə təhsil ocağımızın əlaçı tələbələri ilə görüş keçirilib. Çay süfrəsi arxasında, qeyri-rəsmi şəraitdə təşkil olunan görüşdə H. Əsədov əlaçıları Akademiyanın siması adlandıraraq, gənclərin tədrisdə və şəxsi həyatda problemləri, məişət qayğıları, narahatlıq doğura biləcək digər məqamlar barədə geniş söhbət açıb. Hər bir tələbə ilə ayrıca maraqlanan rektor öz tələbəlik illərindən xatirələri ilə bölüşüb, müasir dövrdə ölkəmizdə təhsilin səviyyəsinin get-gedə yüksəldiyini, gənc nəslə diqqət və qayğının dövlət səviyyəsində göstərildiyini vurğulayıb. Əlaçı tələbələr dövlət təqaüdü ilə yanaşı, ASCO-nun təsis etdiyi əlavə təqaüdü  çox gözəl təşəbbüs adlandıraraq, maddi vəziyyətlərinə əhəmiyyətli kömək kimi qiymətləndiriblər. Onlar Akademiyada tələbələr üçün yaradılmış şəraitdən razı olduqlarını bildiriblər. Eyni zamanda, rastlaşdıqları problemlərin həlli ilə bağlı təkliflərini də səsləndiriblər.

H. Əsədov Akademiyada görüləcək işlərdən ətraflı danışıb, ADDA rəhbərliyinin tələbələrin təklif və arzularını həyata keçirmək üçün əlindən gələni edəcəyini söyləyib.

Tələbələr səmimi və maraqlı söhbət üçün təşəkkürlərini bildiriblər və bundan sonra da əlaçılıq ənənələrini davam etdirəcəklərinə söz veriblər.