- XƏBƏRLƏR -
411 Arxiv
ADDA tələbələri 90 yaşlı müharibə veteranı ilə görüşüb
2019.05.02 13:36

9 May – Qələbə Gününə sayılı günlər qalıb. Qələbə Günü ərəfəsində Böyük Vətən müharibəsi veteranlarına və onların ailəsinə baş çəkilir, görüşlər təşkil edilir. Belə görüşlərdən biri də Səbail Bələdiyyəsinin təşkilatçılığı ilə Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan parkda Böyük Vətən müharibəsi veteranı 90 yaşlı Əli Nəsirovla keçirilib.

Həmin görüşdə uzun müddət SSRİ və Azərbaycan Hərbi Dəniz Qüvvəllərinin ehtiyatda olan zabiti, birinci dərəcəli kapitan Rakif Hüseynov, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sabiq işçisi, təqaüdçü Adil Məmmədov və Səbail Bələdiyyəsinin sədri Səmədağa Aslanov, Azərbaycan Dövlət Dəniz Akademiyasının müəllim və tələbələri də iştirak ediblər.

Azərbaycan Dövlət Dəniz Akademiyasının dosenti, Səbail Bələdiyyəsinin üzvü Hacı Babayev çıxış edərək bildirib ki, Böyük Vətən Müharibəsi iştirakçıları cəmiyyətimizin ən yüksəksəviyyəli insanları və qalib ordunun əsgərləridir: “Vaxtilə Səbail rayonunda 300 nəfər müharibə iştirakçısı vardı. İndi isə 7 nəfər qalıb. Əli dayı da şanlı döyüş yolu keçib».

Böyük Vətən müharibəsi veteranı Əli Nəsirov Berlinə kimi keçdiyi şanlı döyüş yollarını xatırlayıb: “Müharibə fəlakət deməkdir, ağır günlərdən, odun- alovun içindən keçmişik. Hər bir çətinliyə dözürdük, alışırdıq. Alman ordusu bizdən qat-qat güclü olsa da, məğlub oldu. Ona görə ki, Hitler Almaniyası işğalçı ordu idi, özgə dövlətlərini işğal edə-edə gəlirdi. Amma biz öz torpaqlarımızı qoruyurduq. Sovet ordusu əsgərlərində vətənpərvərlik hissi yüksək idi. Vətənpərvərlik insanın içində olur, genindən, qanından gəlir”.

Əli dayı müharibədən sonra Bakıya qayıdıb, 47 il Gəmiçilik Zavodunda mexanik işləyib.

Müharibə veteranı ilə tələbələrin görüşü çox maraqlı keçib. Görüşdən sonra tələbələr və gələn qonaqlar Böyük Vətən müharibəsi iştirakçısı Əli Nəsirovla  Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun abidəsi önündə xatirə şəkli çəkdiriblər.