- XƏBƏRLƏR -
5219 Arxiv
CADMATİC proqram təminatının təqdimat mərasimi keçirilib
2019.04.05 09:00

Bu gün Azərbaycan Dövlət Dəniz Akademiyasında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və CADMATİC şirkəti ilə birgə beynəlxalq seminar keçirilib. Seminarın mövzusu dünyada nüfuzlu proqram təminatçısı olan CADMATİC şirkətinin gəmiqayırmada geniş istifadə edilən proqramının təqdmatı olub. Seminar iştirakçılarını salamlayan Akademiyanın prorektoru, professor Zahid Şərifov bu seminarın əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyi Akademiya tələbələrinin təhsilinin daha müasir və innovativ metodlarla qurulmasını daim diqqət mərkəzində saxlayır. CADMATİC proqram təminatının Akademiyanın təhsil prosesinə tətbiq olunması buna nümunədir.

Sonra  proqram təminatını təqdim edən Rusiyalı mütəxəssis Pyotr Yejov bildirib ki, CADMATİC “Gəmiqayırma, okean texnikası və dəniz infrostrukturu obyektlərinin sistem texnikası” istiqamətində yeni hazırlıq standartında istifadə olunan proqram təminatıdır. CADMATİC tələbələrə müəyyən bir tapşırığın modelləşdirilməsinə və təcrübədən keçirilməsinə imkan yaradır. Bu proqram təminatının hər il yeniləndiyini söyləyən rusiyalı mütəxəssis onu da qeyd edib ki, hər yenilənmə zamanı proqramın imkanları daha da genişlənir. Bu da, öz növbəsində, qarşıya qoyulan məsələlərin daha operativ və effektiv həllinə imkan yaradır.  Pyotr Yejov bu seminarın keçirilməsinə şərait yaratdığı üçün Akademiyaya öz təşəkkürünü bildirib.

CADMATİC şirkətinin nümayəndəsi Yevqeni Yeqorov proqram təminatının dünyanın 59 ölkəsinin 1000-dən çox şirkətində tətbiq olunduğunu söyləyib. O, seminar iştirakçılarına slayd vasitəsi ilə CADMATİC proqram təminatında layihələndirilmiş bir neçə gəmi nümunələrini nümayiş etdirib.

Seminarda akademiyanın müəllim və tələbələri ilə yanaşı, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Xəzər Dəniz Nəqliyyat Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutunun, “Zığ” gəmi təmiri və tikintisi zavodunun mühəndisləri və digər mütəxəssislər də iştirak edib.

Sonda seminar iştirakçılarının CADMATİC proqram təminatı ilə bağlı sualları ətraflı cavablandırılıb.