- XƏBƏRLƏR -
19863 Arxiv
Dənizçilər adından Novruz bayramı münasibətilə əsgərlər üçün konsert təşkil olunub
2019.03.18 09:15

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Novruz bayramı ərəfəsində Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinə səfər təşkil edib. Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələrinin də iştirak etdiyi səfər çərçivəsində öncə Füzuli rayonunun ərazisində aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunub, şəhidlərin ruhuna ehtiram ifadə edilib.

Səfər zamanı Cocuq Mərcanlıda aparılan abadlıq-quruculuq işləri ilə yaxından tanışlıq olub. Qonaqlar kənddə yerləşən məscid və “Qayıdış” parkına baş çəkiblər.

Həmçinin, dənizçilər ön cəbhədə xidmət edən əsgərlər üçün yaradılan şəraitlə tanış olub və  birgə nahar ediblər.

Daha sonra Novruz bayramı münasibətilə “N” saylı hərbi hissənin şəxsi heyəti üçün konsert proqramı təşkil olunub.

Çıxış edən ASCO sədrinin müavini Nəzrəddin Əhmədzadə dənizçilər adından Novruz bayramı münasibətilə əsgərləri təbrik edib, çətin və şərəfli xidmətdə onlara müvəffəqiyyətlər arzulayıb.

Hərbi hissənin komandanlığı ASCO əməkdaşlarının bu təşəbbüsünü yüksək qiymətləndirib, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək olduğunu, onlarda ruh yüksəkliyi yaratdığını qeyd edib. Bildirilib ki, əsgər və zabitlər torpaqlarımızı düşmən tapdağından azad etmək üçün Ali Baş Komandanın əmrlərinə hər an hazırdır.

Bayram şənliyi incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.  Tanınmış müğənnilər – Əhməd Mustafayev, Yeganə Mürsəlova, Günay İbrahimli, Damla, Namiq Məna, Sədəf Budaqova və digərlərinin ifaları əsgərlərdə şən əhval-ruhiyyə yaradıb.

Tədbiri Novruz bayramının atributları olan Kosa, Keçəl və  Bahar qızının şən zarafatları, əyləncəli oyunları daha da yaddaqalan edib.

Şənlikdə əsgərlərə bayram sovqatı verilib, təşkilatçılar tərəfindən viktorina keçirilib. Qaliblərə xüsusi hədiyyələr təqdim olunub.

Sonda şəxsi heyətin yüksək vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində keçirilən tədbirdə yaxından iştirak etdiyinə görə ASCO hərbi hissə komandirinin fəxri fərmanı ilə təltif edilib.