- XƏBƏRLƏR -
713 Arxiv
Xocalı soyqırımı – 27 il
2019.02.26 10:59

Fevralın 25-də Azərbaycan Dövlət Dəniz Akademiyasında XX əsrin ən qanlı səhifələrindən olan Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilib. Mərasimdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin müavini Nəzrəddin Əhmədzadə, İRİ departamentinin rəis müavini Əyyam Əliyev, Akademiyanın professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra ADDA-nın tədris və tərbiyə işləri üzrə prorektoru Zahid Şərifov giriş sözü ilə çıxış edərək erməni faşizminin soydaşlarımıza qarşı həyata keçirdiyi amansız soyqırım siyasətindən, o vaxtkı rəhbərliyin cinayətkar fəaliyyətsizliyi nəticəsində xalqımızın üzləşdiyi dəhşətlərdən danışdı. Bildirdi ki, yalnız ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həm Xocalı hadisələrinə, həm də xalqın azadlıq yolunda başına gətirilən digər faciələrə siyasi qiymət verildi, cinayətkarların adları qan yaddaşımıza yazıldı.

“Humanitar fənlər” kafedrasının baş müəllimi Elbrus Həşimov “Xocalı faciəsi XX əsrin ən dəhşətli hadisəsidir” mövzusunda geniş məruzə edərək, bu soyqırımının tarixi aspektləri, faciənin səbəblərinə və səbəbkarlarına işıq salan arxiv sənədləri, Xocalının dərsləri barədə ətraflı söhbət açdı. Qeyd etdi ki, Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, bu qətliamın xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti, Heydər Əliyev Fondu, dünya azərbaycanlıları məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.

“Gəmi sürücülüyü” fakültəsinin tələbəsi Əsgər Ələkbərli “26 fevral 1992-ci il Xocalı faciəsi. Azərbaycan gəncliyi nə etməlidir?” mövzusunda çıxışında həmyaşıdlarını fəal ictimai-siyasi mövqe tutmağa, “Xocalıya ədalət” kampaniyasında səylərini əsirgəməməyə, müasir informasiya-kommunikasiya texnologiyaları vasitəsilə Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa çağırdı.

“Gəmi energetik qurğuları” kafedrasının baş müəllimi Hüseyn Məmmədov Xocalı soyqırımına həsr etdiyi şeirini səsləndirdi.

ADDA-nın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov gəncləri və müəllimləri paytaxtımızda fevralın 26-na planlaşdırılan ümumxalq yürüşündə fəal iştirak etməyə çağıraraq bildirdi ki, bu gün Heydər Əliyev siyasətini layiqincə davam etdirən Prezidentimiz İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın səyləri ilə “Xocalıya ədalət” kampaniyasının sədası dünyanın çoxsaylı ölkələrindən gəlir, soydaşlarımız bütün qitələrdə müvafiq aksiyalar keçirir, Azərbaycanın səsini beynəlxalq aləmə çatdırırlar.

Mərasimin sonunda Xocalı qətliamı haqqında sənədli film nümayiş olundu.