- XƏBƏRLƏR -
13231 Arxiv
ASCO-da təlimatçılar üçün təlim kursu keçirilib
2019.02.13 08:57

Azərbaycan Dövlət Dəniz Akademiyasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təlimatçıları  üçün təlim kursu təşkil olunub.  

ASCO sədrinin müşaviri, uzun illər dənizdə çalışan, tanınmış kapitan Titos Giannakakisin apardığı təlimdə Azərbaycan Dövlət Dəniz Akademiyasının müəllimləri, Təlim Tədris Mərkəzinin təlimçiləri və qiymətləndiriciləri iştirak ediblər.

Beynəlxalq Dəniz Təşkilatının (İMO) “Təlimatçılar üçün təlim” adlı 6.09 model kursunun tələblərinə əsasən keçirilən seminarda dinləyicilərə təlim keçmə üsulları, tədrisin planlaşdırılması, təşkili və əlverişli təlim mühitinin yaradılması, metodikası, dənizçilərin bilik və bacarıqlarının qiymətləndirilməsinin ümumi prinsipləri haqqında geniş məlumat verilib.

İlk dəfə bu il ADDA-da ingilis dilində tədrisə başlandığını deyən Titos Giannakakis bildirib ki, bu tədris tam olaraq İMO-nun son təlimatlarına əsaslanmalıdır. Bura dərsliklərin İMO standartlarına uyğun tərtibi və yenilənməsi, biliklərin qiymətləndirilməsi kimi məsələlər daxildir.

Təcrübəli və gənc təlimçilərin bir-biri ilə fikir mübadiləsi aparması üçün əlavə platforma sayılan kurs üç gün davam edəcək.

ASCO əməkdaşları üçün mütəmadi olaraq müxtəlif mövzularda təlimlər təşkil edir. Əsas məqsəd Cəmiyyətin strateji hədəflərinə uyğun təlim və təhsilə olan ehtiyacları müəyyənləşdirərək insan resurslarının davamlı inkişafını,  eləcə də personalın yeni istehsalat vəzifələrinin icrasına hazırlanmasını, işçilərin biliklərinin sistemli şəkildə yenilənməsini, əməkdaşların peşə mədəniyyətinin və peşə reytinqinin artırılmasını mütərəqqi təhsil və təlim metodları ilə təmin etməkdən ibarətdir.