- XƏBƏRLƏR -
701 Arxiv
Dəniz Akademiyasının tələbələri beynəlxalq gəmiçilik şirkətinin tankerlərində təcrübə keçəcəklər
2019.01.17 12:36

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) yüksək ixtisaslı gənc mütəxəssislərin hazırlanması, işçilərin təlimləndirilməsi, onların dənizçilik sahəsində beynəlxalq təcrübəyə dərindən yiyələnməsi istiqamətində ardıcıl addımlar atılır. Bu məqsədlə dünyanın müxtəlif aparıcı gəmiçilik şirkətləri və universitetləri ilə əməkdaşlıq edilir.

ASCO-nun uğurla əməkdaşlıq etdiyi beynəlxalq şirkətlər sırasında  “Columbia Shipmanagement Ltd” də önəmli yerlərdən birini tutur.

Sözügedən şirkətlə imzalanan müqaviləyə əsasən, Gəmiçiliyin əməkdaşları mütəmadi “Columbia Shipmanagement Ltd”-nin gəmilərində təcrübəyə göndərilir.

Layihə çərçivəsində növbəti seçimlər Azərbaycan Dövlət Dəniz Akademiyasında baş tutub.  Bu məqsədlə ASCO sədrinin müşaviri Titos Giannakakis dördüncü kurs tələbələri arasında müsahibə aparıb. Müsahibə zamanı 15 nəfər ADDA tələbəsi ilk mərhələni keçib. Final müsahibəni isə fevralın 1-də “Columbia Shipmanagement Ltd”-nin HR direktoru Norman Schmiedl  aparacaq.

Müsahibədən uğurla keçən namizədlər əvvəlcə “Columbia Shipmanagement Ltd”-nin Gürcüstandakı nümayəndəliyində tanışlıq təliminə cəlb ediləcəklər, daha sonra onlar şirkətin gəmilərinə yollanacaqlar. Burada gənclər üç aylıq  müxtəlif ölkələrin nümayəndələrindən ibarət heyətlə işləyəcəklər, daha böyük tanker gəmilərinin iş prinsipi ilə yaxından tanış olacaqlar, dünyanın böyük limanlarına getmək imkanı qazanacaqlar.

Seçim prosesi zamanı iştirakçıların xarici dil bilikləri əsas götürülür.

Donanmalarını daim yeniləyən Gəmiçilik gələcəkdə bu kadrların əldə etdiyi təcrübədən bəhrələnmək niyyətindədir.