- XƏBƏRLƏR -
179 Arxiv
Bayramlarınız mübarək olsun!
2018.11.08 14:00

Əziz həmkarlar!

Sizi qarşıdan gələn əlamətdar  bayramlar –  9 noyabr – Dövlət Bayrağı Günü və 12 noyabr – Konstitusiya Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, səadət və müstəqil Azərbaycanımızın tərəqqisi naminə çətin və şərəfli işinizdə yeni-yeni uğurlar arzulayıram.

Hər xalqa müstəqil dövlət qurmaq və müstəqilliyini təcəssüm etdirən bayrağını göylərdə dalğalandırmaq səadəti nəsib olmur. Azərbaycan xalqı da belə xoşbəxtliyin sevincini yaşayan xalqlardandır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bayrağımız milli suverenliyin simvolu kimi müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Bu gün milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirən üçrəngli bayrağımızın dünyanın 190-dan çox müstəqil dövlətinin bayraqları ilə bir sırada dalğalanmasından qanuni iftixar hissi keçirdiyimiz kimi, hər bir müddəası xalqın iradəsini ifadə edən Əsas Qanunumuzla da haqlı olaraq fəxr edirik.

Ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız dövlətimizin müstəqilliyini təcəssüm etdirməklə bərabər, həm də  xalqımızın kimliyini ifadə edir. Yaradıcısı Ulu öndər Heydər Əliyev olan,  bütün insan hüquqları təsbit edilən Konstitusiyamız isə həm də xalqımızın azad, demokratik dövlət qurmaq, dünya birliyində layiqli yer tutmaq istəyini, sülhə, tərəqqiyə, bəşəriyyətin inkişafına öz töhfəsini bəxş etmək əzmini  nümayiş etdirir.

Milli suverenliyin simvolu olan üçrəngli bayrağımızın dövlət atributu kimi bərpası Ulu öndərimizin  adı ilə bağlıdır. Üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il oktyabrın 18-də müvafiq Konstitusiya aktı ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən, onun dövlət rəmzlərini, o cümlədən üçrəngli dövlət bayrağını da qəbul edib.

Bütün sahələrdə Ulu öndərin siyasətini layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin milli ideallara bağlılığı özünü üçrəngli bayrağımıza münasibətdə də qabarıq göstərir. Müvafiq fərman və sərəncamları ilə 9 noyabr – Dövlət Bayrağı Gününün təsis edilməsi də, Bakının ən münasib ərazisində Dövlət Bayrağı Meydanının, həmin meydanda Dövlət Bayrağı Muzeyinin yaradılması da milli  atributlarımızı daim uca tutan ölkə başçımızın bayrağımıza sonsuz sevgisinin təcəssümüdür.  Möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi, bizim bayrağımız bizim müstəqilliyimizin rəmzidir, bizim qürur mənbəyimizdir, bizim canımızdır, bizim ürəyimizdir.

Gəmilərimizin də dor ağacında müstəqilliyimizin, suverenliyimizin, istiqlaliyyətimizin rəmzi olan bayrağımızın dalğalanması isə bizdə təkcə sonsuz iftixar hissi yaratmır. Bu həm də, harada üzməsindən asılı olmayaraq, gəmilərimizin müstəqil Azərbaycanımızın bir parçası olduğuna işarədir.

Bu gün qəlbi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlının ən böyük arzusu Dövlət bayrağımızın Azərbaycanın işğal altında olan torpaqlarında dalğalandığını görməkdir. Möhtərəm Prezidentimizin böyük məharətlə həyata keçirdiyi uğurlu siyasət, regionun lider dövlətinə çevrilən ölkəmizin bütün dünyanı heyran qoyan iqtisadi tərəqqisi, dünyanın ən güclü orduları sırasında yer alan Silahlı Qüvvələrimizin torpaqlarımızı hər an işğaldan azad etmək qüdrətində olması bu ülvi arzumuzun da gerçəkləşəcəyinə bizdə qəti əminlik yaradır.

Bayramlarınız mübarək olsun!

 Rauf  Vəliyev,  

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”

 Qapalı Səhmdar Cəmiyyətinin sədri