- XƏBƏRLƏR -
5857 Arxiv
ADDA respublika müsabiqəsinin qalibi oldu
2018.07.26 08:30

2009-cu ildən başlayaraq hər il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü ilə “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda respublika müsabiqəsi keçirilir. Ötən dövr ərzində bu tədbirə 9328 müəssisə və təşkilat qatılıb, onlardan 297-si bu yüksək ada layiq görülərək fəxri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Bu günlərdə Bakı Biznes Mərkəzində “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2017-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Sevindirici haldır ki, qaliblərin sırasında Azərbaycan Dövlət Dəniz Akademiyası da var. Akademiyamıza  qiymətli hədiyyə - televizor və fəxri diplom təqdim olunub.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxışında bildirib ki, dövlət başçısı İlham Əliyev tərəfindən 2016-cı il dekabrın 6-da təsdiq olunmuş Strateji Yol Xəritəsində inklüziv məşğulluğun artırılması, əmək məhsuldarlığının yüksəldilməsi, əmək hüquqları və təminatlarının etibarlı müdafiəsi kimi vəzifələr nəzərdə tutulub.

2017-ci ildə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə keçirilən respublika müsabiqəsinin yekunlarına görə AHİK-in müsabiqə komissiyası 193-dən çox müəssisənin namizədliyini İcraiyyə Komitəsinin müzakirəsinə çıxarıb və 22 sahə həmkarlar ittifaqını təmsil edən 48 müəssisə, təşkilat, sex və sahə daim yüksək göstəricilərə nail olduğuna görə qalib elan olunub.

S.Möhbalıyev müsabiqə qaliblərini qazandıqları bu yüksək nailiyyətə görə təbrik edib, onlara gələcək əmək fəaliyyətlərində uğurlar arzulayıb.