- XƏBƏRLƏR -
11301 Arxiv
Bakı Fransız Liseyinin şagirdləri ADDA-da
2018.07.19 10:28

Bakı Fransız Liseyinin şagirdləri müəllimlər Frederik Ştaynbauer, Malik Vakavi və Filip Giq ilə birlikdə təhsil prosesi və maddi-texniki baza ilə tanışlıq üçün Azərbaycan Dövlət Dəniz Akademiyasının qonağı olublar. Müxtəlif naviqasiya və maşın şöbəsi simulyatorları, gəmi dizel mühərrikləri, ADDA-nın tarix muzeyi şagirdlərdə böyük maraq doğurub. ADDA-nın auditoriyalarında qonaqlara gəmi hissələri haqqında məlumat verilib, dəniz düyünlərinin bağlanması əyani olaraq göstərilib. Akademiyanın müəllimləri Balakişi Salmanov, Ədalət Əzimov, İmdadəli Əsədov və Elnur Kərimov maşın, mexanizm və simulyatorların iş prinsiplərini izah ediblər, yeniyetmələrin bütün suallarına ətraflı cavab veriblər. Sonda şagirdlərə kiçik tapşırıqlar verilib, dəniz işini mənimsəmələri yoxlanılib.

Qeyd edək ki, Bakı Fransız Liseyi Azərbaycanda müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbilərin, habelə Azərbaycan vətəndaşlarının fransız dilində təhsil alması məqsədilə yaradılıb.

2011-ci ilin mart ayında Heydər Əliyev Fondu, Fransanın Azərbaycandakı Səfirliyi, Azərbaycan Dövlət Neft Şirkəti və Təhsil Nazirliyi arasında Bakıda fransız liseyinin tikintisi ilə əlaqədar niyyət bəyannaməsi imzalanıb, oktyabr ayında isə Azərbaycan və Fransa Prezidentlərinin iştirakı ilə liseyin təməlqoyma mərasimi keçirilib. 

2014-cü il sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Fransız Liseyinin açılışında iştirak ediblər.