- XƏBƏRLƏR -
5335 Arxiv
Peşə bayramınız mübarək olsun!
2018.06.25 12:00

Hörmətli həmkarlar!

 

Sizi peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, müstəqil Azərbaycanımızın tərəqqisi naminə çətin və şərəfli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

 Artıq beşinci ildir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin 19 iyun 2014-cü il tarixli Sərəncamı ilə təsis olunan və bütün dəniz nəqliyyatı işçilərinə ərməğanı hesab etdiyimiz 25 iyun - “Dənizçi günü” peşə bayramını böyük sevinc və dərin minnətdarlıq hissi ilə qeyd edirik. Bu dəfə peşə bayramımızın  daha əlamətdar bir hadisə -  şanlı tarixə və zəngin ənənələrə malik Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyinə təsadüf etməsi bizə   hədsiz fərəh bəxş etməklə yanaşı, həm də çətin olduğu qədər  də şərəfli bir peşənin təmsilçiləri olduğumuzun iftixarını yaşadır. 

Bu yaxınlarda "Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi də, hər il peşə bayramı ərəfəsində bir qrup əməkdaşın Vətənin yüksək mükafatları ilə təltif olunması da dəniz nəqliyyatı işçilərinin fədakar əməyinin dövlət tərəfindən layiqincə qiymətləndirilməsinin bariz nümunəsidir. 

Möhtərəm Prezidentimiz 2018-ci il iyunun 23-də imzaladığı Sərəncamlarla bu dəfə də bayram sevincimicə sevinc qatdı. Dəniz nəqliyyatında səmərəli əmək fəaliyyətlərinə görə Gəmiçiliyin 4 işçisinin üçüncü dərəcəli “Əmək ordeni”,  12 nəfərin “Tərəqqi” medalı ilə təltif edilməsi,  1 nəfərin “Əməkdar mühəndis” fəxri adına, 1 nəfərin isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülməsini Gəmiçiliyin bütün kollektivinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndiririk. 

Fərəhli haldır ki, çoxminli kollektivimiz bu dəfə də peşə bayramını bütün sahələrdə qazandığı yüksək göstəricələrlə qarşılayır.  Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin müasir şirkətə çevrilməsi, beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsi, rəqabət qabiliyyətinin, yükdaşımaların həcminin artırılması istiqamətində atılan  mühüm addımlar nəticəsiz qalmadı. Nəqliyyat və ixtisaslaşdırılmış ofşor donanmalarının tərkibindəki gəmilərinin sayına görə hazırda Gəmiçilik Xəzərdə aparıcı mövqeyə malikdir. 

Xəzərdə aparıcı mövqeyini möhkəmləndirən AXDG Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsinə də nail oldu. Gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan “Gəncə” tankerinin keçən ilin axırlarında   doğma sulardan uzaqlarda maye  yükdaşımalarına cəlb olunması ilə Gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin sayı 13-ə çatdırıldı. Onlardan 11-i quru yük gəmisi, ikisi  isə tankerdir. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC xarici sularda fəaliyyətinin daha da genişlənməsi və möhkəmləndirilməsi məqsədi ilə daha bir mühüm addımı bu günlərdə atdı. Belə ki, vacib dəniz nəqliyyatı arteriyaları üzərində yerləşən Yunanıstanın paytaxtı Afinada AXDG-nin nümayəndəliyi fəaliyyətə başladı. 

Cari ilin may ayında isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansına yeni iki gəmi daxil edildi. Müasir avadanlıqlarla, o cümlədən DP1 dayanıqlılıq sistemi ilə təchiz olunan “Mərdəkan” və “Şüvəlan”  təchizat-yedək gəmiləri müxtəlif növ yüklərin dəniz platformalarına çatdırılmasında və yedəklənmə əməliyyatlarında istifadə olunur. Hər iki gəminin texniki xüsusiyyətləri sərt hava şəraitində dənizdəki platformalara yan almadan yükləmə-boşaltma əməliyyatlarını təhlükəsiz yerinə yetirməyə imkan verir. 

Bakı Gəmiqayırma Zavodunda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC üçün tikilən “Gəncə” tipli iki tankerin ilk polad lövhəsinin kəsilməsi mərasiminin sevincini də  sizinlə birgə yaşadıq. Altı yük tankı olan tankerlərin hər biri benzin, xam neft və neft məhsulları daxil olmaqla iki növ yükü eyni vaxtda daşıya biləcək.   Xəzərdə suyun mövcud səviyyəsində, suya az oturumla maksimum çox yük götürə bilən bu nadir gəmilərin 2019-cu ildə  istismara verilməsi planlaşdırılır. Gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan hər təzə gəmi isə donanmamızın daha da gücləndirilməsi ilə yanaşı, həm də dənizçilərimiz üçün yeni iş yerləri deməkdir. 

Sentyabrın 6-da Bakı Gəmiqayırma Zavodunda BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dilində səslənən “Xəzər Dəniz Gəmiçiliyinin fəaliyyətini çox yüksək qiymətləndirirəm. Gəmiçiliyin fəaliyyəti beynəlxalq standartlara cavab verir. Gəmiçilik artıq gəlirlə işləyir, büdcəmizə böyük vergi ödəyir” sözləri isə bizə hədsiz sevinc bəxş etməklə yanaşı, həm də cavabdeh olduğumuz işlər üçün məsuliyyət hissimizi qat-qat artırır. 

Əminəm ki, gündən-günə çiçəklənən müstəqil Azərbaycanı qətiyyətlə daha xoşbəxt gələcəyə aparan dövlət başçımızın hər sahədə mütərəqqi siyasətini dəstəklədiyinizi bundan sonra da əməli işinizlə sübut edəcək, müqəddəs üçrəngli bayrağımızı yaxın-uzaq ölkələrin sularında böyük iftixarla dalğalandıracaq, yük daşınmasında, Xəzərdə neft və qaz istehsalında yüksək dəniz nəqliyyatı xidmətləri göstərilməsində çiyninizə düşən bütün vəzifələri layiqincə yerinə yetirəcəksiniz.

 

Sizə aydın səma, uğurlu səfərlər arzulayıram.

 

Bayramınız mübarək olsun! 

Rauf Vəliyev, 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri