- XƏBƏRLƏR -
283 Arxiv
Bayramlarınız mübarək olsun!
2018.06.14 12:32

 Hörmətli həmkarlar! 

Sizi Ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətləri ilə xalqımızın tarixinə şanlı səhifə - yeni dövrün başlanğıcı kimi daxil olan və müstəqilliyimizin sarsılmazlığını təmin edən 15 İyun - Milli Qurtuluş Günü və əzəməti hüdudsuz olan mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir,  sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət,  müstəqil Azərbaycanımızın daha da qüdrətlənməsi  naminə  şərəfli işinizdə uğurlar arzulayıram.

 Hər bir xalqın taleyində xüsusi önəm daşıyan hadisələr və tarixi faktlar olur. Azərbaycan xalqının dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış 15 iyun da belə günlərdən biridir.

 Azərbaycanın müasir uğurları milli qurtuluşumuzun müəllifi, Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilən dövlətçilik siyasətinin dəqiqliklə icrasının nəticəsidir. Bu gün dünyada söz və nüfuz sahibi olan, demokratik, dünyəvi dövlət kimi tanınan Azərbaycan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə işıqlı gələcəyə doğru inamla addımlayır.

 Gündən-günə çiçəklənən Azərbaycanda din dövlətdən ayrı olsa da, ölkə rəhbərliyi səviyyəsində İslama, insanın qəlbini və ruhunu nurlandıran ayrı-ayrı mübarək bayramlarına yüksək hörmət, ehtiram var. İnsanların dini etiqad azadlığının ən yüksək səviyyədə təminatı üçün bütün zəruri tədbirlər həyata keçirilir.

 Xalqımızın əsrlərlə qəlbində yaşatdığı Ramazanı da Azərbaycan müstəqilliyə qovuşandan sonra daha böyük ruh yüksəkliyi ilə qarşılayır,  bu əziz günü həm də rəsmi şəkildə bayram edirik.

Möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi, bu müqəddəs bayramın dövlət səviyyəsində qeyd edilməsi bizim multikultural və tolerant prinsiplərə necə yüksək qiymət verməyimizi nümayiş etdirir. Bu gün biz dünyaya bir daha qəlbimizdəki milli dəyərlərə sadiq olduğumuz qədər bəşəri dəyərləri də yaşatdığımızı bəyan edirik. Dini, milli rəngarəngliyimizi mənəvi bütövlüyümüzün zənginliyi kimi qəbul edirik.

 Xalqımızın ülvi arzularının Vətənimiz üçün səadət, tərəqqi istəkləri ilə qovuşduğu bu bayram insanlarda mərhəmət, şəfqət və bərabərlik duyğularını gücləndirir, onları gözəl niyyətlərə, nəcib, xeyirxah əməllərə çağırır.     

Qoy xalqımızın səadəti, əmin-amanlığı,  gənc müstəqil dövlətimizin  tərəqqisi ilə bağlı bütün arzu və diləklərimiz Tanrı dərgahında qəbul olunsun və Uca Yaradan mərhəmətini Odlar yurdunun üstündən heç vaxt əskik etməsin. 

Bayramlarınız mübarək olsun! 

Rauf Vəliyev,    

 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”

 Qapalı Səhmdar Cəmiyyətinin sədri