- XƏBƏRLƏR -
15113 Arxiv
Azərbaycan Xalq Cümhuriyyəti – 100
2018.05.25 17:02

28 may – Respublika günü ərəfəsində ölkəmizin hər yerində bayram tədbirləri keçirilir.

Mayın 25-də ADDA-nın akt zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş mərasim təşkil edilib. Dövlət himnimizin sədaları ilə başlayan mərasimi Tədris və tərbiyə işləri üzrə prorektor, professor Zahid Şərifov açaraq, XX əsrdə xalqımızın azadlıq mücadiləsinin rəmzi olan Cümhuriyyətin 100 illiyinin Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı əsasında xüsusi təntənə ilə qeyd edildiyini vurğulayıb.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, müasir dövrdə müstəqillik ənənələrinin davam etdirilməsi haqqında videofilm nümayiş olunub.

Dəniz Akademiyasının qonaqları – Atatürk Mərkəzinin ictimai-siyasi şöbəsinin müdiri Əkbər Qoşalı, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Nazim Tapdıqoğlu, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent Vasif Qafarov maraqlı məruzələrlə çıxış ediblər. Çıxışlarda Cümhuriyyət dövrünün siyasi və tarixi incəlikləri, Şərqdə ilk demokratik respublikanın təşəkkülü, Azərbaycan xalqının yetişdirdiyi böyük şəxsiyyətlər barədə təhlillər aparılıb, onilliklər keçdikdən sonra müstəqilliyimizin bərpası, müasir Azərbaycan dövlətçiliyinin qurulmasında Ümummilli Liderimiz Heydər Əliyevin rolu, XXI əsrdə Azərbaycanın dünya birliyində layiqli yerini tutması istiqamətində dövlət başçımız İlham Əliyevin atdığı ardıcıl addımlarla bağlı sanballı fikirlər səslənib. Natiqlər daha çox bugunun gənclərinə xitab edərək, babaların əmanəti olan müstəqilliyimizin və dövlətçilik ənənələrinin qorunub saxlanılması üçün əllərindən gələni etməyə səsləyiblər.