- XƏBƏRLƏR -
12199 Arxiv
Dəniz Akademiyasının altı tələbəsi Qara dənizdə təcrübə keçəcək
2018.05.16 15:00

Azərbaycan Dövlət Dəniz Akademiyasının II və III kursda oxuyan altı tələbəsi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin təşəbbüsü ilə Qara dənizdə təcrübə keçəcək. Onların üçü gəmi sürücüsü, üçü isə mexanik ixtisası üzrə təhsil alır.

Artıq üçüncü ildir ki, reallaşdırılan layihəyə seçimlər xüsusi meyarlarla aparılıb.

Əvvəlcə Akademiyadan həm dekanların, həm də müəllimlərin rəyi öyrənilib. Daha sonra yüksək bal toplayan, intizamlı, ingilis və rus dillərində müəyyən səviyyəyə malik tələbələr müsahibə mərhələsinə çağırılıb.

Müraciətçilərin ixtisas üzrə bilikləri Donanmanın texniki istismar departamentinin rəisi Balakişi Səfərov, Dəniz üzgüçülüyünün təhlükəsizliyi departamentinin rəis müavini Rövşən Dəmirov, dil səviyyələri isə AXDG-nin İnsan resurslarının idarəedilməsi departamentinin gənclərlə iş üzrə koordinatoru Roza Bədəlova tərəfindən yoxlanıb. Nəticədə 19 nəfər arasından altı tələbə  Qara dənizdə təcrübə keçmək  üçün müsbət rəy alıb.

Seçimlərdən müvəffəqiyyətlə keçən tələbələr təəssüratlarını “Seanews.az” saytı ilə bölüşüblər.

Fuad Fətullayev “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisası üzrə III kursda təhsil alır. Uşaqlıqdan dənizçiliyə böyük maraq göstərən Fuad Qara dənizə gedəcəyi ilə bağlı xəbəri sevinclə qarşılayıb:

-Hər kursu başa vurduqca ixtisasımı daha çox sevirəm,- deyir. -Düşünürəm ki, bu, biliklərimi artırmağımla bağlıdır. İndi biz daha çox ixtisas fənləri keçirik. Görürəm ki, həqiqətən, dənizçilik  çox maraqlıdır.  Qara dənizdə qazanacağım təcrübədən isə gözləntilərim böyükdür. Düşünürəm, bu, məni daha da həvəsləndirəcək”.

Fuad hesab edir ki, onun uğur qazanmasında ailəsi ilə yanaşı, Akademiyadakı mühitin də böyük rolu olub. O deyir:

-Təbii ki, mən həmişə valideynlərimdən diqqət görmüşəm. Onlar atdığım bütün addımlarda yanımda olublar. Bununla belə, məni həvəsləndirən məsələlərdən biri də Akademiyadakı mühitdir. Rektordan tutmuş sıravi işçiyədək hamı çalışır ki, biz nəsə əldə edək. Müəllimlərimizin üzərimizdə zəhməti çoxdur. Və sevindiricidir ki,  tələbələr də  bir-birinə dəstək olmağı bacarırlar.      

“Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə III kurs tələbəsi Mirafiq Şahmarlı da seçilən tələbələrdəndir. O, dənizçiliyə böyük qardaşının tövsiyəsi ilə gəlib.

-Bizi Dəniz Akademiyasında yaxşı oxumaqdan başqa heç nə düşündürmür,- deyə Mirafiq Şahmarlı bildirir.- Bunun üçün isə  burada hər cür şərait yaradılıb. Gündə iki dəfə pulsuz yemək verilir. Yataqxanamız var, ödənişsiz geyim və dərs vəsaitləri ilə təmin olunuruq. Ümumiyyətlə, Akademiyada oxumağın üstünlükləri çoxdur. Bunlardan biri də məhz, reallaşdırılan bu layihədir. Düşünürəm, Qara dəniz təcrübəsi çox maraqlı olacaq. Yeni növ gəmilər görəcəyik, fərqli limanlara yan alacağıq, xarici dillərdə danışan insanlarla ünsiyyətə girəcəyik və s.

“Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə təhsil alan daha bir III  kurs tələbəsi Oruc Əzizovu da şanslı hesab etmək olar. O da layihədə iştirak haqqı qazananlardandır. Oruc Əzizov deyir:

-Qara dənizə getməyimlə bağlı aldığım xəbərə çox sevindim. Heç Akademiyaya qəbul olanda belə sevinməmişdim. Bu, mənim özümə inamımı, peşəmə sevgimi artırdı. Başda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev olmaqla bizə şərait yaradan, dəstək olan hər kəsə minnətdarlıq edirəm. Çalışarıq ki, bizə bəslənilən ümidləri doğruldaq.

Seçimlərdə uğur qazanmağının sirlərini açıqlayan Oruc deyir ki, ən əsası məsuliyyətli olmaqdır: “Hər şey ilk addımdan başlayır. İlk addımı isə məsuliyyətlə atmaq lazımdır. Düşünməlisən, qarşına məqsəd və hədəf qoymalısan. Hamımız bilirik ki, kim  üzərində daha çox işləyirsə, sonda uğura  da o adam nail olur. Bunun əksi mümkün deyil. Layihəni qazanmaq üçün gecə-gündüz oxumuşam, ixtisasıma mükəmməl yiyələnməyə çalışmışam, dil biliklərimi artırmışam. Nəticə sevindiricidir”.

Mahmud Mahmudov “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə III kursda oxuyur.  Qara dənizdə təcrübə keçmək onun ən böyük arzusu olub. Hətta Akademiyaya qəbul olandan sonra bununla bağlı özünə söz də veribmiş. O deyir:

-Qara dəniz məsələsi barədə birinci kursa daxil olandan məlumatım var. Elə o vaxtdan bu layihədə iştirak edəcəyimə dair özümə söz vermişdim. Və mən istəyimə nail olmaq üçün çox çalışırdım. Bu, mənim üçün ona görə önəmliydi ki, yenilikləri sevirəm. Burda biz təcrübə toplamaqla yanaşı, öz potensialımızı üzə çıxara bilərik. Düşünürəm ki, böyük şansdır. Yaxşı ki, bu fürsətdən yararlanmaq imkanım oldu. İndi də söz verirəm ki, “AXDG” QSC-nin və ADDA-nın etimadını doğruldacağam.

“Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisası üzrə II kurs tələbəsi  Cəfər Kazımov deyir ki, peşəkar dənizçi olmaq üçün bu təcrübə onlara çox kömək edəcək:

-Hələ ikinci kursda oxuyuram və təhsilimin ilk illərində belə bir təcrübəyə yollanmağımı böyük şans hesab edirəm. Məncə, bundan yaxşı fürsət ola bilməz. Dəstək olan, diqqət göstərən hər kəsə minnətdarlığımı bildirirəm”.

Hamı kimi Cəfər Kazımov da Qara dənizə aparan yolda çox çalışıb. O, arzusuna güclü istək və həvəs hesabına çatdığını deyir:

-Bəli, ilk növbədə istək və həvəs olmalıdır. Əks halda, nə qədər çalışsan da, heç nəyə nail olmayacaqsan. Mənim dənizçiliyə uşaq vaxtından həvəsim var idi. ADDA hesabına uşaqlıq arzum gerçəkləşir. İndi bizi böyük təcrübə gözləyir. Üzərimizdə ciddi məsuliyyət var. Etimadı doğrultmalıyıq…İnanıram, biz bunu bacaracağıq.

“Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisası üzrə təhsil alan II kurs tələbəsi Nicat Səmədov da Qara  dəniz təcrübəsinin uğurlu olacağına əmindir.

Nicatın atası və əmisi dənizçidir. Buna baxmayaraq, heç vaxt ona “dənizçi ol” deyən olmayıb. Yalnız öz qərarından sonra doğmalarının dəstəyini görüb. Nicat deyir:

-Tənbəllik sevmədiyim xüsusiyyətlərdəndir. Məqsədlərimə gedən yolda heç vaxt geriyə baxmamışam. Düşünürəm ki, uğur qazanmaq üçün sadəcə insanın əlindən gələni etməsi azdır. Bunun üçün əlindən gələnin ən yaxşısını etmək lazımdır. Qara dənizə getmək üçün seçilməyim şans deyildi. Bunun arxasında gərgin zəhmət dayanır. Və təbii ki, dəstək də burda böyük rol oynayır. Ailənin, çevrəmizin, AXDG və ADDA-nın rəhbərliyinin, eləcə də əməkdaşlarının rolunu danmaq olmaz.

 

Qeyd edək ki,“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin əsas strateji hədəflərindən biri  gənclərdən ibarət peşəkar kadrların hazırlanmasıdır. Bu məqsədlə  “AXDG” QSC-nin  daxili imkanları hesabına mütəmadi olaraq beynəlxalq səviyyədə tanınan təcürəbəli gəmiçilərin təlimləri təşkil edilir, gənc əməkdaşların dənizçilik sahəsində ixstisaslaşan nüfuzlu şirkətlərdə təcrübə keçmələri üçün xüsusi layihələr həyata keçirilir.

“AXDG” QSC-nin Təqaüd Proqramına uyğun olaraq hər il  magistr təhsili almaq üçün ADDA məzunları  dünyanın nüfuzlu ali məktəblərinə göndərilir. Bu, şirkətin kadr  potensialının formalaşmasında savadlı,  beynəlxalq standartlara cavab verən gənc dənizçilərə üstünlük verməsinin bariz nümunələrindən biridir.

Məhz, Azərbaycan Dövlət Dəniz Akademiyası tələbələrinin AXDG-nin xarici sularda üzən gəmilərində təcrübə keçmələrinə imkan yaradılması da onların beynəlxalq standartlara uyğun inkişafının təmini və  peşəkarlığının artırılması, gənclərin həvəsləndirilməsi və ruhlandırılması məqsədi ilə reallaşdırılır. Onu da deyək ki, sözügedən təcrübə üç ay davam edir.