- XƏBƏRLƏR -
6741 Arxiv
Qazaxıstanlı rektor ADDA-da olub
2018.05.15 16:00

Ş. Yesenov adına Qazaxıstan Dövlət Texnologiya və Mühəndislik Universitetinin rektoru B.Axmetovun rəhbərliyi ilə nümayəndə heyəti mayın 15-də Azərbaycan Dövlət Dəniz Akademiyasında olub.

ADDA-nın rektoru Çingiz Əliyevlə görüşdə “İkili diplom” proqramı, müəllimlərin və tələbələrin mübadiləsi, qazaxıstanlı dənizçilərin sertifikatlandırılması və s. mühüm məsələlər müzakirə edilib. Tərəflər qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

Görüşdən sonra qonaqlar Akademiyanın tədris bazası, o cümlədən müasir naviqasiya trenajorları, ixtisaslaşdırılmış laboratoriyaları və kitabxana ilə yaxından tanış olublar. B.Axmetov ADDA-nın tarix muzeyində fəxri qonaqlar kitabına ürək sözlərini yazıb, azərbaycanlı həmkarlarına uğurlar arzulayıb.

Daha sonra Qazaxıstan nümayəndələri ADDA-nın Təlim-Tədris Mərkəzinə gediblər. Mərkəzin direktoru Emil Manafov qonaqlara mərkəz haqqında ətraflı məlumat verib, trenajor və simulyator avadanlıqları ilə təchiz olunmuş təlim otaqları, xilasetmə təlimləri üçün nəzərdə tutulmuş hovuz ilə tanışlıq zamanı mərkəzdə tədris prosesini izah edib, qonaqların suallarına cavab verib. Sonda qonaqlarla xatirə şəkilləri çəkdirilib, onlar bu tanışlıqdan çox razı qaldıqlarını bildiriblər.