- XƏBƏRLƏR -
13656 Arxiv
Qonaqlar tədris bazası ilə tanış olublar
2018.05.04 01:54

Azərbaycan Dövlət Dəniz Akademiyasında keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Su nəqliyyatının problemləri” XIII Beynəlxalq elmi-texniki konfrans mayın 4-də öz işini bölmələrdə davam etdirib.

Sonra konfransa qoşulmuş xarici qonaqlar üçün tanışlıq ekskursiyası təşkil edilib. Onlar əvvəlcə Akademiyanın “Sabit Orucov” tədris gəmisində olublar. Kapitan Elxan Əsədullayev gəminin bölmələri və qurğuları, burada tədrisin təşkili barədə ətraflı məlumat verib. Qonaqlar tələbələr üçün belə bir gəminin ayrılmasını çox yüksək qiymətləndiriblər. Bu, həqiqətən də Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi rəhbərliyinin gənclərə qayğısının bariz nümunəsidir.

Daha sonra xarici ölkə alimləri ADDA-nın Təlim-Tədris Mərkəzinə gediblər. Mərkəzin direktoru Emil Manafov qonaqları mərkəz haqqında məlumatlandıraraq, trenajor və simulyator avadanlıqları ilə təchiz olunmuş təlim otaqları ilə tanışlıq zamanı mərkəzdə tədris prosesini izah edib, onların suallarına cavab verib. E.Manafov xüsusi olaraq vurğulayıb ki, TTM ölkəmizdə DP kursları və imtahanlarının keçirilməsi üçün Böyük Britaniyanın nüfuzlu “The Nautical İnstitute” təşkilatı təfərindən akkreditasiya olnunmuş yeganə Təlim-Tədris Mərkəzidir. Sonda qonaqlarla xatirə şəkilləri çəkdirilib, onlar bu ekskursiyadan çox razı qaldıqlarını bildiriblər.