- XƏBƏRLƏR -
20668 Arxiv
Ümummilli lider H.Əliyevin xatirəsinə həsr olunmuş elmi konfrans başlayıb
2018.04.05 16:12

Aprelin 5-də Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Dəniz nəqliyyatının inkişaf perspektivləri” mövzusunda tələbə, magistr və gənc tədqiqatçıların elmi konfransı keçirilib. Konfransın açılış mərasimi Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Giriş sözü ilə çıxış edən ADDA-nın rektoru Çingiz Əliyev bildirib ki,  belə tədbirlər, o cümlədən olimpiada və seminarlar daha savadlı, yüksək ixtisaslı və dünyagörüşlü gənc nəslin yetişdirilməsinə xidmət edir, tələbələri elmi yaradıcılığa həvəsləndirir, öz fikirlərini  sərbəst və aydın ifadə etmələrinə şərait yaradır. Rektor Ulu Öndərin gənclər siyasəti barədə ətraflı təhlil apararaq, bu siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yüksək səviyyədə inkişaf etdirildiyini vurğulayıb.

Sonra ADDA-nın 367 A1 qrup tələbəsi Hüseynağa Muradov “Heydər Əliyev müasir Azərbaycan multikulturalizminin banisidir” mövzusunda geniş məruzə ilə çıxış edib.

Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor Vüqar Sadıqov Ulu Öndər Heydər Əliyevin Azərbaycanda dəniz nəqliyyatının qorunub saxlanılmasındakı tarixi rolundan, dənizçilərimizin şərəfli ənənələrindən, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin ölkə iqtisadiyyatındakı xüsusi yerindən söhbət açıb. O, elmi konfransın gedişatı haqqında məlumat verərək iştirak edən tələbələr və onların rəhbərlərinə uğurlar arzulayıb.

Daha sonra elmi konfrans işini bölmələr üzrə davam etdirib, 6 bölmədə 90-dan artıq məruzə dinlənilib. Hər bölmədə ilk 3 yeri  tutan qaliblər  müvafiq diplomlarla təltif olunacaq, ən yaxşı məruzələrin tezisləri konfransın toplusunda dərc ediləcəkdir.