- XƏBƏRLƏR -
5927 Arxiv
AXDG-də Gənclər günü qeyd olunub
2018.02.02 17:00

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də 2 fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə AXDG-nin müxtəlif strukturlarında çalışan gənclər, Azərbaycan Dövlət Dəniz Akademiyasının və Dənizçilik Kollecinin fəal tələbələri, tərəfdaş şirkətlərin nümayəndələri iştirak ediblər.

Qeyri-rəsmi formatda  keçən görüşdə Gəmiçiliyin rəhbəri  Rauf Vəliyev Gənclər gününün mahiyyətindən danışıb. Bildirib ki, 2 fevral tarixinin Gənclər Günü kimi elan olunması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. “Ümummilli Lider gənclərə xüsusi diqqət və qayğı göstərirdi. Məhz onun sərəncamı ilə 1997-ci ildən ölkədə 2 fevral – Gənclər Günü kimi qeyd edilir. Cənab Prezidentimiz İlham Əliyev də Ulu öndərin gənclərlə bağlı siyasətini uğurla davam etdirir. Aparılan gənclər siyasəti ölkəmizin beynəlxalq arenada layiqli yer tutmasına təkan verib”,- deyə sədr qeyd edib.

Sədr onu da vurğulayıb ki, hazırda Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində gənclərin fəallığı artır, onların Azərbaycanın dövlət idarəetmə strukturlarına cəlb edilməsi işi gündən-günə genişlənir.

Rauf Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin əməkdaşlarının böyük hissəsinin gənclərdən ibarət olmasını sevindirici hal kimi qeyd edib: “Bu gün gənc kadrlar Gəmiçiliyin fəaliyyətində mühüm rol oynayırlar. Onların arasında rəhbər vəzifələrdə çalışanlar da az deyil.  Yaxşı təhsil alan, yaxşı mütəxəssis olan gənclər bundan sonra da Gəmiçilikdə layiq olduqları vəzifələrdə çalışa biləcəklər”.

AXDG-nin rəhbəri Heydər Əliyev Fondunun gənclərin hərtərəfli inkişafı  üçün gerçəkləşdirdiyi layihələrdən də söz açıb. Qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr Azərbaycan gəncliyinin dünyadakı maraqlarını layiqincə təmsil edir.

Bakı Gəmiqayırma Zavodu  baş direktorunun  müavini  İmanverdi Həsənov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti özünü tam doğruldub: “Bu gün Azərbaycan gənclərin zəhməti, istedadı hesabına güclü iqtisadiyyata malikdir. Gənclər bütün sahələrdə ümidləri doğruldurlar. Bakı Gəmiqayırma Zavodunda çalışanların əksəriyyəti gənclərdən ibarətdir. Müəssisəmizdə  yerli gənc kadrların hazırlanmasına böyük önəm verilir və bu məqsədlə onlar mütəmadi beynəlxalq təlimlərə göndərilirlər. Proses bundan sonra da davam etdiriləcək. Biz gənclərə güvənirik və onların potensialının üzə çıxarılmasında maraqlıyıq”.

“Caspian Marine Services” şirkətinin direktoru Zamiq İsmayılov dənizçi təcrübəsini gənclərlə bölüşüb. O, gəncləri bilikli  və məqsədlərinə çatmaq üçün prinsipial olmağa çağırıb.

Sədrin müşaviri Titos Giannakakis çıxışında Gəmiçiliyin gənclərlə bağlı siyasətindən danışıb. Gəmiçilikdə perspektivli gənclərin olduğunu qeyd edib.

İnsan Resurslarının İdarəedilməsi Departamentinin rəisi Sevda Məmmədova Gəmiçilikdə  gənclərlə iş  haqqında təqdimatla çıxış edib. Bildirib ki, güclü azərbaycanlı dənizçi kadr potensialının hazırlanması və ölkədə dənizçi peşəsinin təbliği, Akademiyada təhsilin keyfiyyətinin yüksəlməsi, personalın peşəkarlığının davamlı artırılması, potensiallı gənclərin üzə çıxarılaraq aparıcı vəzifələrə təyin olunması kimi məsələlər əsas prioritetlərdəndir.

Səmimi şəraitdə keçən  görüşdə gənclər onları düşündürən suallarla Gəmiçiliyin və tərəfdaş şirkətlərin rəhbərlərinə müraciət ediblər. Suallar göstərib ki, bu gün gəncləri Gəmiçilikdə kadr siyasəti, tədris və istehsalat təcrübələrinin təşkili, sosial problemlərin həlli, donanmanın yeniləşdirilməsi, tələbələrin işlə təminatı və s. məsələlər maraqlandırır. Bütün suallar ətraflı cavablandırılıb, bəzi məsələlər isə yerindəcə həllini tapıb.  

Tədbirdə xidməti fəaliyyətində və təhsildə fərqlənən bir qrup gəncə hədiyyələr təqdim edilib.

Sonda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin əsas kadr potensialı olan  Azərbaycan Dövlət Dəniz Akademiyasının fəaliyyətindən bəhs edən film nümayiş olunub.