- XƏBƏRLƏR -
7219 Arxiv
Xocalı vəhşiliyin görünməmiş təzahürü
2018.02.23 15:00

Yuri Poleneyev "Qarabağ qan girdabında " kitabında yazır:

 "Xocalı hadisəsi Hitler faşizminin Xatın kəndində törətdiyi müsibətlə müqayisədə daha dəhşətli idi. Ermənilər bu qəddar terror aktı ilə öz vəhşiliklərini bütün dünyaya bəyan etdilər. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin sakinlərinə vəhşicəsinə divan tutuldu. Xocalıda yalnız ölülər qaldı".     Xocalı soyqırımı törədilən zaman müsibəti gözləri ilə görən jurnalist Viktoriya İvleva isə faciəni belə təsvir edir: "Xocalının girəcəyində bir tərəfdə buluda bənzər nəyinsə hərəkət etdiyini gördüm. Bu bulud yarıçılpaq insanların toplusu idi. Azərbaycanlıların dəstəsinin sonunda üç uşaqlı qadın gedirdi. O, qar üzərində ayaqyalın çətinliklə yeriyir və tez-tez yıxılırdı. Sən demə, onun uşaqlarından biri ikigünlük imiş. Digər yüzlərlə qaçqın kimi bu qadının və onun uşaqlarının sonrakı taleyini mən televiziya lentlərindən izlədim. Bu, televiziya lentlərində səs zolağı operatorunun hönkürtüsündən ibarət idi. Bu adamların cəsədləri eybəcərləşdirilmiş şəkildə qar üzərində qalaqlanmışdı".

Viktoriya İvlevanın televiziya müşahidəsində izlədiyi hönkürtü, Xocalı soyqırımını ilk dəfə lentə alan cəsur jurnalist Çingiz Mustafayevin qəzəbinin göz yaşlarına çevrilməsiydi. Erməni vəhşiliklərinin qurbanı olan, qar üzərində donub qalan məsum körpələrin qurumuş cəsədləri qarşısında tab gətirmək, bu faciəni sakit lentə almaq mümkün deyildi. Çingiz Mustafayev yerlə-yeksan edilən soyqırıma məruz qalan Xocalını çəkirdi, köməksiz dinc əhalinin faciəsini tarixin yaddaşına yazırdı. Kamerası ilə. Bu kamera ermənilərin güllələrinə də tuş gəlmiş, "yaralanmışdı". Martın ilk günlərində dünyanın efir məkanından bütün evlərə "Xocalı soyqırımı" boylandı. Çingiz Mustafayev bu qanlı olayı belə xatırlayırdı: "İlk dəfə fevralın 28-də iki hərbi vertolyotun müşayiəti ilə hadisə yerinə gəldik. Havadan gördük ki, bütün bir sahə insan meyitləri ilə doludur. Təyyarəçilər vertolyotu yerə endirməyə qorxurdular. Çünki həmin ərazi artıq ermənilərin nəzarəti altında idi. Buna baxmayaraq, biz vertolyotdan çıxdıq və bu zaman güclü atəşə məruz qaldıq. Bizimlə olan milis əməkdaşları meyitləri vertolyota götürməli idilər ki, onların qohumlarına verilsin. Gördüyümüz vəziyyətdən şoka düşdük. İki nəfər isə huşunu itirmişdi. Martın 2-də xarici jurnalistlərlə hadisə yerinə gəlmişdik. O zaman meyitlər dəhşətli hala salınmışdı. Bir neçə sutka ərzində onların üzərində təhqiredici hərəkətlər edilmişdi".

İnsanı dəhşətə gətirən bu açıqlama, soyqırımı ilk dəfə lentə alan Çingiz Mustafayevin fikirləridir. Erməni dəhşətlərindən, vandalizmdən yaxa qurtarmaq üçün üzü Ağdama tərəf qaçan, əliyalın əhali vəhşicəsinə güllələrə tuş gəlmişdi. Ahıllara, körpələrə belə aman verilməyib. İnsanları bir-birlərinə bağlayaraq, üzərlərinə neft tökərək yandırıb, uşaqları diri-diri süngüyə keçirib faşistlərin törətdiklərindən betər faciəni bəşəriyyətə "bəxş etdilər" Qətlə yetirilənlərin cəsədləri üzərində vəhşicəsinə davranaraq, qadınların döşlərini, kişilərin cinsiyyət üzvünü kəsərək, uşaqların beyin dərisini soyaraq bəşəriyyət üçün yeni olan vandalizm nümunəsi ortaya qoydular. Budur erməni xidməti, budur erməni qəssablarının yaramazlığı. Xocalıda törətdikləri cinayətin miqyasmı düşünmədən, bu gün beynəlxalq ictimaiyyətə humanizmdən, insanlıqdan danışanların nə qədər məkrli, qəddar olduqları Xocalıda göründü. Nə yazıqlar ki, insanlığa, bəşəriyyətə qarşı törədilən bu faciə ermənilərin xəcalət hissinə çevrilmədi. Dünya qınağından yeni məkrli planları, yalanları ilə qurtarmağa çalışan erməni vəhşiliyi Xocalıdan sonra 20 faiz Azərbaycan torpağının işğalı ilə nəticələndi.