- XƏBƏRLƏR -
6845 Arxiv
Bakı Bulvarında yelkənli qayıqların paradı təşkil edilib
2018.03.05 15:23

Bu gün Azərbaycanda Bədən tərbiyəsi və idman Günü ilə əlaqədar Yelkənli İdman Federasiyası tərəfindən Bakı Bulvarında Yelkənli qayıqların paradı təşkil edilib.

Yelkənli İdman Federasiyasından  verilən xəbərinə görə, yelkənli qayıqların paradı şəhər sakinləri və qonaqlar tərəfindən maraqla izlənilib.

Qeyd edək ki, prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli sərəncamına əsasən, Azərbaycanda Bədən tərbiyəsi və idman Günü təsis edilib.

1995-ci il martın 5-də Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.

Azərbaycan Yelkənli İdman Federasiyası (SFA) 2000-ci ildə rəsmi qeydiyyatdan keçib. Əsas məqsəd respublika əhalisi arasında yelkənli idmanı təbliğ və təşviq etmək, yüksək dərəcəli idmançıların hazırlanmasına şərait yaratmaq, respublika yarışlarını təşkil etməklə Yelkənli İdman növünə marağı artırmaq və bu idman növünün Azərbaycan Respublikasında inkişafına dəstək verməkdir.

Respublikanın yığma komandasını hazırlayaraq, komandanın beynəlxalq yarışlarda iştirakını təmin etmək federasiyanın prioritetlərindən biridir. Beynəlxalq Yelkənli İdman Federasiyasının (ISAF) və Avropa Yelkənli İdman Federasiyasının (EUROSAF) üzvü olan Azərbaycan Yelkənli İdman Federasiyasının “Optimist” və “Lazer” sinifləri üzrə yelkənçiləri bir çox beynəlxalq yarışlarda müvəffəqiyyətlə çıxış ediblər.