- XƏBƏRLƏR -
2217 Arxiv
Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir
2018.03.07 10:25

Bu gün 8 mart Beynəlxalq Qadınlar günüdür. Bu günün tarixinə qısa nəzər salaq. Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu Yorklu qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib. Qadınlar bayramı Azərbaycanda da geniş qeyd olunur. İndi Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevrilib, çünki cəmiyyət ona hörmətlə yanaşır, onu qiymətləndirir. Azərbaycan qadınının bütün dövrlərdə, bütün cəmiyyətlərdə gözəl örnəkləri olub. Bunu hər şeyi öz yaddaşında qoruyub saxlayan tarix təsdiq edir. Ağıllı, cəsur sələflərimiz ən çətin məqamlarda belə ayıq-sayıqlığı, çevikliyi, düzgün qərar qəbul etmək bacarığı ilə hamını heyrətləndiriblər. Tariximizin ayrı-ayrı dövrlərində yaşayıb fəaliyyət göstərmiş qadınlar müdrikliyi, işgüzarlığı ilə keçmişimizə parlaq səhifələr yazıblar. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı, məhz anaların müdrikliyi sayəsində mürəkkəb dövrlərə qalib gəlib.

Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. 

Müasir Azərbaycan qadını da öz soykökünə, xalqının mənəvi dəyərlərinə, adətlərinə sadiq, nəsillərin varisliyini təmin edən, tarixi ənənələri qoruyan, onu daha da zənginləşdirərək sabaha ötürmək iqtidarında olan bir insandır.

Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Onun dövlət qadın siyasəti haqqında tarixi qərarından məqsəd cəmiyyətdə qadınların rolunun artırılmasına, qadınlarla kişilər arasında bərabərliyin gerçəkləşdirilməsinə, qadınların ictimai-siyasi proseslərə cəlb edilməsinə, qadın problemlərinin həllinə nail olmaq idi. Bu, dövlətin qadınlara münasibətinin, demokratik, bərabər imkanlara malik cəmiyyətin yaradılmasının göstəricisi idi.

Dövlət Qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi isə Azərbaycan qadınlarının məsuliyyətini daha da artırır. İndi Azərbaycan qadınının cəmiyyətdə yeri, nüfuzu, ona münasibət çox ucadır. Qadın hüquqlarının təmin edilməsi sahəsində möhkəm hüquqi baza mövcuddur. Qadınların ictimai-siyasi həyatdakı fəallığı ilbəil artır. Azərbaycan qadını ölkəmizi bütün dünyada ləyaqətlə təmsil edir, mötəbər kürsülərdn çıxış edir. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Qərb dünyası Mehriban xanım Əliyevanın timsalında Şərqin ağıllı, müdrik, peşəkar bir siyasətçisinin obrazını görür. Azərbaycan qadınları isə alicənablıq, nəciblik, humanistlik nümunəsi, xoş məramlar, xoş niyyətlər carçısı olan liderlərinin simasında öz bayraqdarlarını görürlər. 2004-cü ilin mayından ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram, ideyalarını yaşatmaq arzusu ilə yaradılan, onun adını daşıyan fonda rəhbərlik etməklə humanist ideyaların təbliğatçısına çevrilən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən proqram və layihələr Azərbaycan təhsilinin, mədəniyyətinin qarşısında yaşıl işıq yandırdı. Azərbaycanın Birinci xanımının hərtərəfli paralq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Onun təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafına verdiyi töhfələr təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də böyük hörmətlə qarşılanır. Mehriban xanım Əliyeva çox sayda nüfuzlu beynəlxalq mükafatlara, o cümlədən (15 fevral 2010-cu) Fransa Prezidentinin sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib... 

...Fərəhləndirici haldır ki, Azərbaycan gəncliyinin layiqli nümayəndəsi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da Azərbaycanın tanıdılması, Qarabağ həqiqətləri haqqında gerçəyin dünyaya çatdırılması istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərir. Onun təşəbbüsü ilə keçirilən tədbirlər həm də Azərbaycan gənclərinin potensialından xəbər verir... 

21-ci əsrdə dünyada gedən qlobal ictimai-siyasi proseslər, beynəlxalq qadın hərəkatının yeni mərhələyə qədəm qoyması Azərbaycan qadınlarından da böyük fəallıq tələb edir. İndi Azərbaycan əhalisinin təxminən 51%-ni təşkil edən qadınların fəallığı üçün ölkəmizdə hər cür şərait və imkan yaradılıb. Prezident İlham Əliyev gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir. Az-n qadınları mühüm dövlət qurumlarında, Parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə Idmanının inkişafına böyük töhfələr verirlər...

Prezident İlham Əliyevin 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrikdə də qeyd olunur ki, müstəqil Azərbaycanın qazandığı böyük uğurlarda qadınların misilsiz xidmətləri var, onlar Vətənimizin yüksəlişinin təmin edilməsində öz qüvvələrini əsirgəmirlər. Bu bayramın xalqımızın həyatında mühüm hadisəyə çevrilməsi də Azərbaycan qadınının cəmiyyətimizin müasir simasının müəyyənləşməsində əhəmiyyətli yerini göstərir...

...Heç şübhəsiz, Azərbaycan qadınları ölkəmizin inkişafı, qlobal dünyada mədəni-mənəvi zənginliklərimizin yaşadılması, gənc nəslin milli məfkurə və dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsi üçün bundan sonra da fəallıq nümayiş etdirəcəklər...