Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.
2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir.
“Novruz” fars sözü olub, “yeni gün” deməkdir. Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin və xalqlarının İslama zidd olan adət-ənənələrə, bayramlara müsəlmanlığı qəbul edənlər tərəfindən riayət edilməsinin əleyhinə olmuşdur. Müxtəlif təriqətlərin, xüsusən də şiə təriqətinin nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa, ona “islami don” geyindirməyə cəhd göstərmişlər. Hətta bəzi mövhumatçılar belə bir fərziyyə uydurmuşdular ki, Novruz bayramı guya IV xəlifə Əlinin hakimiyyətə (656-661) gəldiyi günlə əlaqədardır. Halbuki Əli ibn əbu-Talib iyul ayında hakimiyyətə gəlmiş, Novruz isə yazda bayram edilir. Xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər İslam dininə aid heç bir ehkamla bağlı deyildir, əksinə İslamda qadağan olunan bir sıra ayinləri – odu müqəddəs saymağı, səməni qoymaqla bolluq olacağına etiqad etməyi, qulaq falı, su falı kimi adətləri, qapı pusmağı və s. ehtiva edir. Novruz bayramanının əsaslarının Zərdüştilik və ya Atəşpərəstliklə bağlı olduğu bu bayramda indiyədək qalmış aiynlərdə, xüsusən də odun müqəddəs sayıldığı əhkamlarda açıq-aydın görünür.
Bəzi qədim inanclara görə kainat 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlar da “Ab, atəş, xak, badan yarandım” deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə bağlıdır insan.
Novruz bayramında çərşənbələr
Novruz bayramında aşağıdakı adətlər yerinə yetirilir:
Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı (“gün çıx!” nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.