- XƏBƏRLƏR -
7381 Arxiv
ADDA-nın rektoru, dos.Ç.Əliyevin 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbriki
2018.03.07 09:00

Dəyərli xanımlar, əziz analar və bacılar!

Hər birinizi qadın və gözəllik bayramı olan 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, sevinc və səadət dolu ömür arzulayıram.

Bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar– bu zərif məxluqlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir.

Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur. Milli-mənəvi dəyərlərimizin təmsilçisi və qoruyucusu rolunu öz üzərilərinə götürərək, fədakarlığın və səbrin simvolu olan Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Dövlət quruculuğunda onun yüksək ehtirama layiq mövqeyi bu gün qeyd edilən bayramı müstəqillik ideyası ətrafında sıx birləşən xalqımızın və cəmiyyətimizin bayramına çevirmişdir. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu zaman - zaman təsdiq etmişdir.

Müasir Azərbaycan qadını da öz soykökünə, xalqının mənəvi dəyərlərinə, adətlərinə sadiq, nəsillərin varisliyini təmin edən, tarixi ənənələri qoruyan, onu daha da zənginləşdirərək sabaha ötürmək iqtidarında olan bir insandır.

Azərbaycan Dövlət Dəniz Akademiyasında çalışan, eləcə də gəmilərdə üzən, fırtınalar qoynunda səfərlərə çıxan, fədakarlığı hər cür tərifdən ucada duran bütün dənizçi xanımların Bahar təravətli bayramı mübarək olsun!