- XƏBƏRLƏR -
7437 Arxiv
Qazaxıstanlı tərəfdaşlarla yeni memorandum imzalanıb
2017.11.24 12:02

Azərbaycan Dövlət Dəniz Akademiyasının beynəlxalq əlaqələri ildən-ilə genişlənir. ADDA-nın bu istiqamətdə ən yaxın tərəfdaşlarından biri  Qazaxıstanın Ş.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetidir. Akademiya bu Universitetlə 2011-ci ildə bağlanmış müqaviləyə əsasən “İkili diplom təhsili” beynəlxalq proqramı çərçivəsində Qazaxıstan üçün bakalavr və magistr dərəcələri üzrə 40-a yaxın mütəxəssis hazırlayıb.

Qarşılıqlı faydalı əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə 21-23 noyabr tarixlərində ADDA-nın rektoru Çingiz Əliyev, tədris və tərbiyə işləri üzrə prorektoru Zahid Şərifov və Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının nümayəndəsi Vüsal Mustafayevdən ibarət nümayəndə heyəti Aktauda işgüzar səfərdə olub.

Səfər zamanı Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin rektoru Berik Axmetov ilə “İkili diplom təhsili” beynəlxalq proqramının davam etdirilməsinə dair danışıqlar aparılıb. Müzakirələrin nəticəsi olaraq bu proqramın davam etdirilməsi məqsədilə qarşılıqlı razılaşmaya əlavə kimi yeni memorandum imzalanıb. Memoranduma əsasən, tələbə və professor-müəllim mobilliyi, birgə elmi-tədqiqatların aparılması, əldə olunmuş nəticələrin beynəlxalq konfranslarda müzakirəsi, elmi məcmuələrdə birgə dərc edilməsi də qərara alınıb.

Azərbaycan nümayəndələri Universitetin maddi-texniki bazası ilə yaxından tanış olublar, ADDA-nın nəzdində olan Təlim-tədris mərkəzində Qazaxıstan dənizçiləri üçün kursların təşkili məsələsini də müzakirə ediblər.

Universitetin professor-müəllim və tələbə heyəti ilə görüşdə ADDA-nın rektoru Ç.Əliyev geniş məruzə ilə çıxış edərək suallara cavab verib. Sonra 2016/2017-ci tədris ilində Akademiyanı bitirmiş qazaxıstanlı tələbələrə təntənəli şəraitdə ADDA-nın diplomları təqdim olunub. Qazaxıstanlı məzunlar təhsil illərində göstərilən qayğıya və yüksək səviyyəli tədrisə görə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərliyinə, Dəniz Akademiyasınin professor-müəllim heyətinə dərin təşəkkürlərini bildiriblər.