- XƏBƏRLƏR -
7544 Arxiv
Ümumrespublika müsabiqəsinə yekun vuruldu
2017.11.17 11:36

Noyabrın 17-də Azərbaycan Dövlət Dəniz Akademiyasında ənənəvi “Dil-karyeraya gedən yol” IV ümumrespublika ali məktəblərarası tələbə müsabiqəsinə yekun vuruldu.

Müsabiqənin ikinci günü iştirakçıların çıxışları dinlənildikdən sonra Münsiflər heyəti qapalı iclas keçirdi və qalibləri müəyyənləşdirdi. Münsiflər heyətinin qərarına görə,  Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbəsi Azər Ağazadə I yerə, Bakı Dövlət Universitetinin tələbəsi Sara Quliyeva II yerə, Bakı Ali Neft Məktəbinin tələbəsi Ramiz Mahmudov isə III yerə layiq görüldülər.

Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyev qaliblərə gələcək karyeralarında uğurlar arzulayaraq, onlara müvafiq diplomlar və qiymətli hədiyyələr təqdim etdi. Bütün iştirakçılara isə müvafiq sertifikatlar verildi.

Xatırladaq ki, “Dil-karyeraya gedən yol” IV ümumrespublika ali məktəblərarası tələbə müsabiqəsində 16 ali məktəbdən 77 nəfər iştirak edirdi. Onlar Azərbaycan Dövlət Dəniz Akademiyası ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Bakı Mühəndislik Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Fransız Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasını təmsil edirdilər.