- XƏBƏRLƏR -
7692 Arxiv
DA Azərbaycanda ilk dəfə "Elektron Ali Təhsil Məkanı" mövzusunda keçirilən simpoziuma qatılıb
2017.11.07 15:40

Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında "Azərbaycanın Elektron Ali Təhsil Məkanı - Məhdudiyyətlər, İmkanlar və Perspektivlər” adlı birinci simpozium keçirilib.

 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən Elektron Ali Təhsil mövzusunda ölkədə ilk dəfə reallaşdırılan simpozium böyük maraqla qarşılanıb.

 Tədbirdə ölkənin ali təhsil müəssisələrinin rektorları, elektron təhsil sahəsində müvafiq təcrübəyə malik şirkət və qurumların nümayəndələri, bu sahədə fəaliyyət göstərən yerli və xarici ekspertlər, müəllim və tələbələr iştirak ediblər.

 Simpozium öz işinə AR Təhsil Nazirliyi və universitet rektorlarının plenar iclası ilə başlayıb. 

 Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev qonaqları salamlayaraq, onları son dövrlər Akademiyada baş verən yeniliklərlə tanış edib. Rektor bildirib ki, müasir texnologiyaların günü-gündən inkişafı və onların təhsilə inteqrasiyası "elektron təhsil" ifadəsini aktuallaşdırıb: "Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyası olaraq, əsas məqsədlərimizdən biri təlim-tədris prosesində innovativ həllərin, müasir texnologiyaların tətbiqini təmin etməkdir. Elektron Təhsil də bu baxımdan prioritetlərimizdən biridir. Bu gün belə bir simpoziumun təşkil olunmasında məqsədimiz də bu sahədə ölkəmizin ali təhsil müəssisələri arasında təcrübə paylaşımını gerçəkləşdirməkdir". Daha sonra Fuad Hacıyev yerli və xarici qonaqlara, tədbir iştirakçılarına və ekspertlərə Simpoziumun gedişatında uğurlar arzulayıb.

 Ölkədə elektron təhsilin inkişaf etdirilməsi, bu sahədə təhsil müəssisələri arasında təcrübə paylaşımı məqsədi daşıyan simpozium iki hissədən ibarət olub. 

 Birinci hissədə iştirakçılara  "Elektron təhsil”, "İdman Akademiyasının elektron təhsildə təcrübəsi”, "ADA Universitetinin elektron Tələbə Məlumat Sisteminin qurulmasında təcrübəsi” və  "Universitetlər onlayn məkanda - MOOC, Açıq Universitetlər ve Onlayn Proqramlar” kimi mövzularda çıxışlar təqdim olunub. 

 Simpoziumun ikinci hissəsi  "Tədris yönümlü effektiv video dərslərin yaradılması”, "Öz onlayn kursunu yarat”, "Müasir təhsil ünsiyyəti”,  "Online kurslar vasitəsilə ingilis dilinin tədrisi",  "Təhsil müəssisəsinin avtomatlaşdırılması konsepsiyası” və "Akademik Yazı kursunun onlayn təşkili” mövzularında xüsusi təqdimatlarla keçirilən təlim sessiyası ilə davam etdirilib.

 Bu təlimlərdə iştirak edən ADDA əməkdaşları  yaxın gələcəkdə Akademiyanın da qabaqcıl təhsil müəssisəsi kimi avtomatlaşdırılması, elektron akademiya sisteminə keçidi istiqamətində bilik və təcrübə əldə ediblər.

 Tədbir çərçivəsində Elektron təhsil sahəsində təcrübəsi olan şirkət və startuplar ilə tanışlıq da gerçəkləşib.

Simpoziumun sonunda Azərbaycan Elektron Universitetləri Assosiasiyasının yaradılması məsələsi müzakirəyə çıxarılıb. Bu assosiasiyanın gələcəkdə bənzər tədbirlər təşkil etməsi, universitetlərə təcrübə və problemləri bölüşmək, öz online kurslarını və e-resurslarını yaratmaları üçün vahid platformaya çevrilməsi ilə bağlı fikirlər səsləndirilib. Bu təklif simpozium iştirakçıları tərəfindən müsbət qarşılanıb.