- XƏBƏRLƏR -
8172 Arxiv
ADDA-da “Müəllim günü” qeyd edildi
2017.10.05 15:28

ADDA Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Müəllim günü” nə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Akademiyanın rektoru Ç.M.Əliyev bütün professor-müəllim heyətini peşə bayramı münasibətilə təbrik edərək, hər birinə bol-bol yaradıcılıq uğurları arzulayıb. Respublikamızda pedaqoji kadrlara, bütövlükdə təhsil işçilərinə yaradılan geniş şəraitdən, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlərdən söz açan rektor təhsil işçilərinin daima hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayıb.

Sonra Akademiyanın qocaman və gənc müəllimlərindən bir neçəsinin ürək sözləri dinlənilib. İllərdir böyük səmimiyyət və səbrlə tələbələrini həyat yoluna hazırlayan akademiyanın təcrübəli pedaqoqlarından olan Zakir  Rüstəmov çıxış edərək müəllimlik sənətinin çətinliyi və məsuliyyətindən söz açıb.

ADDA tələbə gənclərinin sosiallaşması, təşkilatlanmasında əməyi keçən gənc müəllimlərdən Sevinc Rzayeva çıxışında öz müəllimlərinin timsalında müəllim adına verdiyi qiymətdən, bu sənətin kamilliyindən, hər insanın həyatında oynadığı roldan danışıb.

Sonda çıxış edən müəllimlərə gül dəstələri təqdim olunub.    

Tədbir Akademiya tələbələrilə Dənizçilik Kolleci tələbələrinin birgə hazırladığı bayram əhval-ruhiyyəli bədii hissə ilə davam edib.