- XƏBƏRLƏR -
7665 Arxiv
Gələcəyin dənizçiləri istehsalat təcrübəsindən qayıdıblar
2017.09.18 15:00

Regionda dənizçilik sahəsində yeganə ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Dəniz Akademiyasında tələbələrin savadlı mütəxəssis kimi yetişməsi gəmiçiliyin perspektivli, bilikli kadrlarla təminatında əhəmiyyətli rol oynayır. Məhz bu səbəbdəndir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyi Azərbaycan Dövlət  Dəniz Akademiyasının təhsildə uğurlu nəticələrlə  fərqlənən məzunlarının işlə təmin olunmasına, onların karyera inkişafına, əlavə təhsil almasına, habelə sosial müdafiəsinin gücləndirilməsinə daim xüsusi diqqət yetirir. 

Gəmiçiliyin strateji inkişaf planlarına uyğun olaraq Xəzərdən kənarda istismara verilən gəmilərin sayı getdikcə artdığından, gənc dənizçilərin yetişdirilməsi zamanı onlara digər hövzələrin də təcrübəsini aşılamaq zərurəti yaranıb.

 Bunu nəzərə alaraq Akademiyada yetişən dənizçi kadrların beynəlxalq standartlara uyğun inkişafını təmin etmək məqsədilə artıq ikinci ildir ki, Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri Qara dənizdəki gəmilərə üç aylıq yay üzmə təcrübəsinə göndərilir.

2016/2017-ci tədris ilində də təhsil və nizam-intizam göstəricilərinə, şəxsi keyfiyyətlərinə əsasən seçilmiş və Gəmiçilik rəhbərliyi ilə müsahibədən keçmiş  ADDA-nın 6 tələbəsi Qara dənizdə üzən gəmilərdə (“Şair Vaqif”, “Qaradağ” və “Maestro Niyazi”) təcrübə keçiblər. 

Üç aylıq təcrübələrini uğurla başa vuran tələbələrlə görüşdə onlar göstərilən diqqət və qayğıya görə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri cənab Rauf Vəliyevə və Dəniz Akademiyasının rektoru Çingiz Əliyevə öz minnətdaqlıqlarını bildiriblər. Bu təcrübənin onların gələcək dənizçilik həyatlarında böyük rol oynayacağını vurğulayıblar.

Bu layihə çərçivəsində gənclərin qazandıqları beynəlxalq təcrübə Gəmiçiliyin xarici sularda üzən gəmilərində işləmək üçün lazım olan kadr potensialının artmasına xidmət edəcək.

Növbəti il daha çox tələbənin bu layihədə iştirak etməyi nəzərdə tutulur.